DÜNYA
Opioidlərin və narkotiklərin qeyri-qanuni satışında ittiham olunan 200-ə yaxın şəxs həbs edilib
Vaşinqton, 23 sentyabr, AZƏRTAC
ABŞ Ədliyyə Nazirliyi sentyabrın 22-də bildirib ki, birgə beynəlxalq əməliyyat nəticəsində bir neçə ölkədə 200-ə yaxın şəxs həbs edilib, 6,5 milyon dollardan artıq nağd pul və yüzlərlə kiloqram narkotik maddə müsadirə olunub.
AZƏRTAC ABŞ Ədliyyə Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, opioidlərə (güclü təsirə malik ağrıkəsici vasitə) və darknetə (gizli ticarət şəbəkəsi) qarşı mübarizə qrupu Avropol ilə birgə “Distrup Torr” əməliyyatı keçirib. Bəyanatda bildirilir ki, keçən il hakimiyyət orqanlarına daxil olmuş məlumatlar insan alveri ilə məşğul olan şəxsləri müəyyən etməyə imkan verib. Bununla əlaqədar beynəlxalq təhqiqatlar aparılıb, darknetdə satılan qadağan olunmuş narkotikləri və digər malları aşkar etmək üçün əməliyyat keçirilib.
Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Reyin bəyanatında deyilir: “COVID-19 pandemiyası dövründə yüksək dozada opioidlər qəbulu nəticəsində ölüm hallarının kəskin artması ilə əlaqədar qeyd etmək istəyirik ki, bu əməliyyatın aparılması vacib idi və o, vaxtında aparılıb”.
Rey vurğulayıb ki, Federal Təhqiqatlar Bürosu Amerika ictimaiyyətini və bütün dünyanı əmin edir: agentliyin məqsədi darknetdə narkotacirlərin aşkar edilməsini və onların məsuliyyətə cəlb olunmasını təmin etməkdir.
Hakimiyyət orqanları təqribən 500 kiloqram narkotik və asılılıq yaradan maddələrin daxil olduğu tibbi preparatlar, o cümlədən fentanil, oksikodon, hidrokodon, metamfetamin, heroin, kokain, ekstazi və başqa dərmanlar aşkar edib götürüb.
AZƏRTAC-ın Vaşinqton bürosu