REGİONLAR
Ordubad rayonunda dezinfeksiya tədbirləri həyata keçirilir
Ordubad, 7 sentyabr, AZƏRTAC
Ordubad rayonunda növbəti dəfə virus infeksiyalarına qarşı dezinfeksiya tədbirləri görülüb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Ordubad şəhərinin əsas yolları, Heydər Əliyev prospekti, N.Babayev, M.F.Axundov, N.Rəfiyev, İstanbul, Mənsurağa küçələri və Şəhriyar qəsəbəsi xüsusi qurğu quraşdırılmış “KamAZ” markalı yanğın avtomobili vasitəsilə dezinfeksiya edilib. Bundan əlavə, dezinfeksiya qrupları tərəfindən Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasının ətrafı, 29 ədəd yaşayış binasının zirzəmisi, 17 ədəd müəssisə və təşkilatın ətrafında dezinfeksiya işləri aparılıb.
Ordubad Rayon Mərkəzi Xəstəxanası, rabitə evi, uşaq bağçası, dəmir yolu vağzalı, Ordubad rayon 3 nömrəli tam orta məktəbi, peşə və internat məktəbi, avtovağzal, 2 ədəd ticarət mərkəzi, “Naxçıvanbank” ASC-nin və “Kapital bank”ın Ordubad rayon filialı, Ordubad rayon içməli su anbarı, həmçinin “N” saylı hərbi hissənin ərazisi, hərbi şəhərcik və sərhəd zastavaları olmaqla, ümumilikdə, 320 min kvadratmetr sahə dezinfeksiya olunub.
Dezinfeksiya tədbirlərinə 1 ədəd yanğınsöndürmə avtomobili, mülki müdafiə alayı, Ordubad rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi, Baytarlıq İdarəsi, Gigiyena və Epidemiologiya Mərkəzinin 20 nəfər əməkdaşı cəlb edilib.