SİYASƏT
Ordubad yaylaqlarındakı obaların sayı ilbəil artır
Naxçıvan, 2 avqust, AZƏRTAC
Muxtar respublikada heyvandarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Bu sahə ilə məşğul olan insanlar üçün lazımi şərait yaradılır. Uca dağların əhatəsində yerləşən Ordubad yaylaqlarında da hər il heyvandarlar məskən salır, obalar qurulur. Oba sakinləri rahat və təhlükəsiz şəraitdə təsərrüfatla məşğul olurlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad yaylaqlarına gəlib, oba sakinləri ilə görüşüb.
Oba sakinlərini salamlayan Ali Məclisin Sədri deyib: “Yaylaqlardan istifadə etmək üçün hərtərəfli şərait yaradılıb. Ona görə də heyvandarlar öz təsərrüfatlarını artırır, bol kənd təsərrüfatı məhsulları istehsal olunur, bazarın tələbatı ödənilir. Bu tədbirlər ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərin tərkib hissəsidir. Dövlətimiz kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirir. Oba sakinləri ilə əlaqə saxlanılır, qarşılaşdıqları bütün çətinliklər həll olunur, istehsal etdikləri məhsulların satışı üçün hərtərəfli şərait yaradılır. Heyvanlar arasında xəstəliklərin baş verməməsi üçün mütəmadi baytarlıq xidməti göstərilir. Bu tədbirlər gələcəkdə də davam etdiriləcəkdir. Ona görə də heyvandarlıqla məşğul olan şəxslər yaradılan şəraitdən səmərəli istifadə etməli, təsərrüfatlar genişləndirilməlidir”.
Heyvandarlardan Nişan Abdullayev, Elşən Abdullayev, Əmir Məmmədov, Nazim Abdullayev, Tolik Abdullayev, Telman Hüseynov, Araz Məmmədov, Yolçu Kərimov, Münasib Mirzəyev və Qəzənfər Qurbanov Ali Məclisin Sədrinə minnətdarlıq ediblər. Oba sakinləri deyiblər ki, biz daim dövlətin qayğısını üzərimizdə hiss edirik. Yaylaqlardan rahat və təhlükəsiz istifadə edirik. Məhsulumuzun bazarı vardır. Bu gün ailələrimizlə bu yaylaqlarda məskən salmağımızın bir səbəbi də ordumuza, əsgərlərimizə olan güvənimizdir. Bilirik ki, torpaqlarımız göz bəbəyi kimi qorunur. Bu gün xalqımızla ordumuz arasındakı birliyin bir nümunəsini də oba sakinləri ilə burada xidmət edən əsgərlər arasında yaratmışıq. Qüdrətli ordumuz güvən yerimiz, dayağımızdır. Biz də çalışacağıq ki, təsərrüfatlarımızı daha da genişləndirək, ölkəmizin inkişafında pay sahibi olaq.
Ali Məclisin Sədri heyvandarlıqla məşğul olanlara təşəkkürünü bildirib, onlarla şəkil çəkdirib, ailə üzvlərinə və uşaqlara hədiyyələr təqdim edib.
Məlumat verilib ki, yaylaqlarda Ordubad rayonunun Kotam, Babək rayonunun Naxışnərgiz, Kəngərli rayonunun Çalxanqala və Xok, Culfa rayonunun Bənəniyar kəndlərindən 10 oba vardır. “Gen yurdu”, “Xan çeşməsi”, “Tüklü çəmən”, “Əyriçay”, “Çadırdaş” və digər obalarda 30 ailə heyvandarlıqla məşğuldur. Onların təsərrüfatında 20 mindən artıq iribuynuzlu və xırdabuynuzlu heyvan saxlanılır. Burada ekoloji cəhətdən təmiz süd məhsulları istehsal olunur. İstehsal olunan süd məhsulları ərazidəki bulaq sularından istifadə edilərək yaradılan təbii soyutma sistemində saxlanılır və satışa çıxarılır. “Xan çeşməsi” obasında məskən salan heyvandar Əmir Məmmədov isə öz təsərrüfatının imkanlarını xeyli genişləndirib, məhsuldar cins keçi sortlarının artırılmasına başlayıb, oba şəraitində mexaniki sağım aparatı quraşdırıb.
Qeyd olunub ki, baytarlar və kənd təsərrüfatı mütəxəssisləri mütəmadi olaraq yaylaqlarda olur, təbii sərvətlərimizdən səmərəli istifadə ilə bağlı oba sakinləri arasında söhbətlər aparılır, tövsiyələr verilir. Bütün bunların nəticəsidir ki, təsərrüfatlarda saxlanılan mal-qaranın və heyvanların cins tərkibi yaxşılaşdırılır, məhsuldarlıq artırılır. Heyvandarlar yaylaqlarda digər təsərrüfat sahələri ilə də məşğul olur. Bu il obalarda 10 hektardan artıq sahədə kartof əkilib.
Ali Məclisin Sədri bundan sonra da yaylaqlarda heyvandarlar üçün hərtərəfli şəraitin yaradılacağını bildirib, təbii sərvətlərimizdən səmərəli istifadə olunmasının vacibliyini qeyd edib.