REGİONLAR
Ordubadda keçirilən kompleks mülki müdafiə təlimi başa çatıb
Naxçıvan, 2 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Ordubad Rayon Mərkəzi Xəstəxanasında keçirilən təlimin əsas məqsədi səhiyyə müəssisəsinin fövqəladə hallara hazırlıq vəziyyətinin yoxlanılması, rayon ərazisində ehtimal olunan fövqəladə hallar zamanı zədələnmə (zəhərlənmə) ocaqlarında həkiməqədərki və ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üzrə tibb qüvvələrinin təcrübə qazanması, “xüsusi dövr”də xəstəxananın dayanıqlı işinin təmin edilməsi və işçilərin mühafizəsinin təşkili üzrə rəhbər, komandir-rəis heyətinin bacarığının təkmilləşdirilməsindən ibarət olub.
Muxtar respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlim iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə Ordubad Rayon Mərkəzi Xəstəxanasının fövqəladə hallarda fəaliyyət planının reallığı, fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasına cəlb olunan orqanların və tibb qüvvələrinin hazırlığı yoxlanılıb. Təlimə hazırlıqla bağlı tibb qüvvələrinin və obyekt mülki müdafiə dəstələrinin hər bir üzvünün tabel təchizatı üzrə fərdi və tibbi mühafizə vasitələri, zəruri dərman preparatları, fərdi dərman qutuları, sarğı materialları, xüsusən də güclü təsiredici zəhərli maddələrdən qorunmaq üçün xüsusi profilaktika vasitələri ilə təchizatına baxış keçirilib.
İkinci mərhələnin birinci təlim yerində təbii fəlakət, nəqliyyat qəzaları və yaşayış binalarında yanğın-partlayışlar zamanı xəsarət alanlara həkiməqədərki yardımın və xəstəxana şəraitində ixtisaslaşdırılmış həkim yardımının göstərilməsi tapşırıqları icra olunub. Təlim rəhbərliyi tərəfindən verilmiş tapşırıq əsasında şərti fəlakət rayonundan gətirilmiş zədələnmişlərin qəbul-çeşidləmə məntəqəsində yerləşdirilməsi, qeydiyyata alınması, xəstə axının ağır və yüngül zədələnmişlər qrupuna ayrılması təşkil edilib, ağır xəstələr isə xəstəxana şəraitində ixtisaslaşdırılmış həkim yardımı üçün göndərilib. Bu təlim yerində həkim və orta tibb işçilərinin operativ və peşəkar müdaxilələri nəticəsində qarşıya qoyulmuş tapşırıqlar vaxtında yerinə yetirilib.
Növbəti təlim yerində isə Ordubad rayonu ərazində ehtimal olunan radioaktiv, kimyəvi və bakterioloji (bioloji) zəhərlənmə şəraitində xəstəxana işçilərinin mühafizəsinin təşkili, ərazidə dozimetrik nəzarətin həyata keçirilməsi, mühafizə rejimlərinin tətbiqi, gətirilən şərti zədələnmişlərin bölüşdürücü postunda çeşidlənməsi, qismən və tam sanitar təmizləmə işinin aparılması, paltar və ayaqqabıların dezaktivasiya olunması, həmçinin laboratoriya və tibbi təminat bölmələrinin işinin təşkili üzrə tapşırıqlar icra edilib.
Qeyd edək ki, keçirilən kompleks mülki müdafiə təlimində Ordubad Rayon Mərkəzi Xəstəxanasının 15 nəfərdən ibarət yüksək hazırlıqlı travmatoloji, cərrahi və yanıq əleyhinə briqadaları, 33 nəfərdən ibarət obyekt mülki müdafiə dəstələri, 3 təcili tibbi yardım avtomobili, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 7 nəfərdən ibarət ixtisaslaşdırılmış qurumları, həmçinin Ordubad Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin 10 nəfərdən ibarət təqlidetmə qrupu iştirak edib.
Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulmuş vəzifələrə əsasən nail olunub.