SİYASƏT


Ordudan tərxis olunmuş gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdırlar

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2014-cü il oktyabrın 1-dən etibarən ölkəmizdə hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması davam edir.

AZƏRTAC xəbər verir ki, oktyabrın 15-də Binəqədi rayonunda hərbi xidmətdən yeni tərxis olunmuş gənclərlə görüş keçirilib.

Tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının, rayon gənclər və idman idarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Binəqədi rayon idarəsinin və “Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə keçirilib.

İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının qarşısındakı abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva gəncləri hərbi xidməti layiqincə başa vuraraq geri dönmələri münasibətilə təbrik edib. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən ordu quruculuğu siyasətindən, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında həqiqi hərbi xidmətin əhəmiyyətindən danışıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik Rövşən Əlvəndov, Xidmətin Binəqədi rayon idarəsinin rəisi Mehman Qurbanov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov, İB-nin sədri Emin Həsənli və digərləri çıxışlarında gənclərə dövlət qayğısından söz açıblar. Natiqlər gənclərimizin Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrinə hər an hazır olduqlarını bildiriblər.

Tərxis olunmuş gənclər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda gənclərə hərbi biletlər təqdim edilib.

Eyni zamanda, gənclərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında növbəti fəal məşğulluq tədbirində iştirakı üçün şərait yaradılıb.

Məşğulluq tədbirində üçü dövlət, digərləri qeyri-dövlət sektoruna aid olan, əsasən turizm və otelçilik sahələri üzrə fəaliyyət göstərən ümumilikdə 58 müəssisə tərəfindən 492 boş iş yeri tələbə və məzunlara təqdim edilib. Müəssisələrin nümayəndələri tərəfindən tələbə və məzunlardan şəxsi məlumatları (CV-lər) qəbul olunub.

Bununla yanaşı, tədbirdə ƏƏSMN ilə BMT İnkişaf Proqramının birgə “Azərbaycanda innovasiyanın və məşğulluğun inkişafı” layihəsi çərçivəsində fəaliyyət göstərən Bakı SYSLAB Təlim-Tədris Mərkəzinin nümayəndələri də iştirak ediblər. Tələbə və məzunlar iş axtarışında bilik və bacarıqlar əldə etmək üçün mərkəz tərəfindən təşkil olunan kurslara dəvət ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.