CƏMİYYƏT
Ordumuzun gücünü əks etdirən Hərbi Qənimətlər Parkı – FOTO VİDEO
Bakı, 13 aprel, AZƏRTAC
Hərbi Qənimətlər Parkı kimi qürurverici və bənzərsiz park Azərbaycanın tarixində olmayıb. Vətən müharibəsində dövlət və xalqın birliyi dəmir yumruğa çevrildi. Məhz həmin dəmir yumruq düşmənin başını əzdi. Qarabağ uğrunda gedən döyüşlərdə düşməndən əldə edilən hərbi texnikalar, hərbi maşınlar, eləcə də Ermənistana məxsus silah sursat bu parkda nümayiş olunur və Ordumuzun gücünü göstərir.
Qırx dörd gün davam edən Vətən müharibəsində qələbəni əks etdirən mənzərəni bundan sonra Bakıda şəhərinin ən gəzməli yerində Yeni Bulvardakı qənimətlər parkında görmək mümkündür. Bu parkı gəzərkən Ordumuzun qəhrəmanlığı aydın şəkildə görünür. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılan parka daxil olan zaman insan özünü döyüş zonasında hiss edir. Burada 300-dən çox hərbi eksponat mövcuddur. Parka qədəm qoyan insanı ilk olaraq ermənilərin məhv edilmiş hərbi yük maşınlarının nömrələrindən ibarət lövhə və müharibənin gedişatını özündə əks etdirən tablo qarşılayır.
Parkda oturacaqlar mərmi yeşiklərindən, işıq dirəkləri mərmi gilizlərindən, zibil qutuları isə artilleriya gilizlərindən hazırlanıb. Qeyd edək ki, bu elementlər vaxtı ilə Ermənistan Silahlı Qüvvələrinə məxsus olub.
Müharibə başlayacağı təqdirdə Bakıyadək gəlib çatacağından dəm vuran düşmənin hərbi texnikası - silahları, tankları, topları doğrudan da paytaxtımızda göründü. Lakin necə?! Bu göz önündədir. Bəlkə ermənilər yatsaydı yuxuda da görməzdilər ki, onların hərbi texnikaları Bakının mərkəzində Hərbi Qənimətlər Parkında işığı sönmüş, əzilmiş vəziyyətdə dayanacaq.
Parkda düşmənin hərbi yük maşınlarının nömrələrindən ibarət lövhə quraşdırılıb və onun üzərində məşhur “Qarabağ Azərbaycandır!” şüarı əks olunub. Bu park Azərbaycan Ordusunun gücünü, Ermənistanın otuz il qurub yaratdığı istehkamları necə qəhrəmancasına yarıb keçdiyini və bu tarixi Qələbəni bizə yaşadan şəhid və qazilərimizin bəxş etdiyi qüruru gələcək nəslə çatdıracaq.
Qeyd edək ki, Parkda nümayiş etdirilən qənimətlər sırasında KUB zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla tırtıllı ağır texnika var. Onlar saz vəziyyətdədir. Burada düşmənin sıradan çıxarılmış 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər eksponatlar da nümayiş olunur.
AZƏRTAC Hərbi Qənimətlər Parkından foto və videoreportajı təqdim edir.