ELM VƏ TƏHSİL


Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul başlanır

Bakı, 23 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 23-dən 30‑dək internet vasitəsilə ixtisas seçimi elan edir.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

İmtahan nəticələrinə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.