İQTİSADİYYAT
Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105001850 ISIN-li, 100 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 87.8737 AZN (14.0109 faiz) və 100.6466 AZN (6.5 faiz) olan 18 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100 AZN (6.85 faiz), orta ölçülmüş qiyməti 100.0282 AZN (6.8346 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 237 milyon 988 min 700 manat, yerləşdirilmiş həcmi isə 117 milyon 906 min 500 manat təşkil edib. İstiqrazlar 2022-ci il noyabrın 15-də ödəniləcək. Hərrac iştirakçıları noyabrın 18-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif olunan istiqrazların həcmi 50 faizədək artırıla bilər.