İDMAN
Orxan Səfərov "Rio-2016" Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurub [YENİLƏNİB]
Azərbaycan cüdoçusu Orxan Səfərov "Rio-2016" Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurub. Bürünc medal uğrunda görüşdə idmançımız yaponiyalı Naohisa Takotaya məğlub olub.
23:45
Orxan Səfərov yarımfinalda qazaxıstanlı Yeldos Smetova uduzub. Azərbaycan idmançısı bürünc medal uğrunda görüşə çıxacaq. Cüdoçumuzun rəqibi yaponiyalı Naohisa Takota olacaq.
19:46
Cüdoçumuz növbəti mərhələdə Braziliya idmançı Felipe Kitadai ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn O.Səfərov yarımfinala yüksəlib.
18:59
Cüdoçumuz növbəti qələbəsini qazanıb. O.Səfərov 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Otar Bestayev üzərində təmiz qələbə qazanıb. İdmançımız səkkizdəbir finalda Felipe Kitadai (Braziliya) – Tobias Enqlmayer (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.
17:49
Cüdoçumuzun 1/16 final mərhələsindəki rəqibi müəyyənləşib. O.Səfərov səkkizdəbir final uğrunda görüşdə Qırğızıstan təmsilçisi Otar Bestayev ilə üz-üzə gələcək.
17:25
Bakı, 6 avqust, AZƏRTAC
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının ilk günündə Azərbaycan cüdoçusu Orxan Səfərov mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/32 finalda Peru təmsilçisi Xuan Postiqos ilə üz-üzə gəlib. Rəqibini məğlub edən O.Səfərov növbəti mərhələyə yüksəlib.