MƏDƏNİYYƏT
“Oskar” mükafatlarına namizədlərin siyahısı açıqlanmışdır VİDEO
Bakı, 16 yanvar (AZƏRTAC). Amerika kino akademiyası “Oskar” mükafatına namizədlərin siyahısını açıqlamışdır.
AZƏRTAC “Euronews” agentliyinə istinadla xəbər verir ki, “Ən yaxşı film” nominasiyasına bu il 9 kinolent - “12 il qul kimi”, “Nebraska”, “Qravitasiya”, “Amerikasayağı fırıldaq”, “Uoll-stritli canavar”, “Dallas alıcılar klubu”, “Kapitan Filips”, “O” və “Filomena” filmləri namizəd göstərilmişdir.
“Ən yaxşı rejissor” nominasiyasına Stiv Makkuin, Alfonso Kuraon, Devid O.Rassel, Martin Skorseze və Aleksandr Peynin namizədliyi irəli sürülmüşdür.
“Ən yaxşı kişi rolu” nominasiyasında Kristian Beyl (“Amerikasayağı fırıldaq”), Leonardo di Kaprio (“Uoll-stritli canavar”), Çivetel Edjiofor (“12 il qul kimi”), Bryus Dern (“Nebraska”) və Mettyu Makkonaxi (“Dallas alıcılar klubu”) mübarizə aparacaqlar.
“Ən yaxşı qadın rolu” nominasiyasına isə Cudi Denç (“Filomena”), Meril Strip (“Avqust”), Keyt Blanşett (“Jasmin”), Sandra Bullok (“Qravitasiya”) və Emi Adams (“Amerikasayağı fırıldaq”) namizəddir.
“Oskar” mükafatı sahiblərinin adları martın 2-də məlum olacaqdır. Hollywood and Highland əyləncə kompleksindəki “Dolbi” teatrında keçiriləcək 86-cı mükafatlandırma mərasimi 225 ölkədə canlı yayımlanacaqdır.