CƏMİYYƏT
Ötən ay Azərbaycanın dövlət sərhədini pozduqları üçün 49 nəfər saxlanılıb VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Sentyabrda Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 49 nəfər saxlanılıb. Onların 16-sı Azərbaycan Respublikası, 7-si Əfqanıstan, 6-sı Banqladeş, 5-i İran İslam Respublikası, 3-ü Malayziya, 2-si Özbəkistan, 2-si Gürcüstan, 2-si Pakistan, 2-si Şri-Lanka, hər ölkədən bir nəfər olmaqla Qırğızıstan, Tacikistan, Suriya və Böyük Britaniya vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 6, Xəzər dənizində 22 halda 41 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 395 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 18 halda 12 kiloqram 350,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Sentyabrın 11-də “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən Lənkəran rayon sakini, 1966-cı il təvəllüdlü Rzayev Şöhrəddin Qəribəli oğlunun əl yükündən 417 qram heroin, sentyabrın 28-də “Biləsuvar” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Qaraşov Dünyamalı Ağaməli oğlunun əl yükündən 750 qram tiryək, 98 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Sentyabrın 29-da Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Cəlilabad rayon sakini, 1979-cu il təvəllüdlü Nəsirov Rövşən Fərahim oğlu 10 kiloqram 470 qram narkotik maddə ilə saxlanılıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 47 halda ümumi dəyəri təqribən 177 min manat olan qaçaqmal, o cümlədən 2 pnevmatik tapança, pnevmatik tapança üçün 250 ədəd qırma, 4 ədəd elektrokeyləşdirici, 1 ədəd gözyaşardıcı qaz balonu, 12 millimetrlik 257 patron, bir beşbarmaq, 2 radiostansiya, 28 mobil telefon, 544 qutu pirotexniki vasitələr, 1354 qutu siqaret, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.
Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.