ELM VƏ TƏHSİL
Ötən ay Təhsil Nazirliyinə 15 mindən çox müraciət daxil olub
Bakı, 2 mart, AZƏRTAC
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, qeyd olunan müddətdə vətəndaşlarla iş bölməsinə ümumilikdə 15 min 59 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 11 min 137 zəng qəbul edilib.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə üç min 922 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1.372 sənəd (738 məktub, 549 ərizə, 85 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox tələbələrin yerli ali və orta ixtisas təhsili müəssisələrinə köçürülməsi və bərpası, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul ilə bağlı məsələləri əhatə edib.