REGİONLAR
Ötən ay muxtar respublika üzrə 114 nəfərə əmək pensiyası təyin edilib
Naxçıvan, 21 fevral, AZƏRTAC
Muxtar respublikada ötən ay əmək pensiyaları və məcburi dövlət sosial sığorta ödəmələri vaxtında maliyyələşdirilib, pensiya və sosial sığorta ödəmələrinə 15 milyon 46 min manat vəsait xərclənib.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 57-si yaşa görə, 8-i əlilliyə görə, 49-u ailə başçısını itirməyə görə, ümumilikdə, 114 vətəndaşa əmək pensiyası təyin olunub. Bundan başqa, aidiyyəti qurum tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə 8 milyon 831 min 700 manat vəsait yığılaraq fondun xəzinə hesabına köçürülüb ki, bu da nəzərdə tutulan məbləğdən 12,2 faiz çoxdur. Ümumiyyətlə, pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 58,6 faizi məcburi dövlət sosial sığorta haqqı şəklində muxtar respublikada yığılıb.
Ötən ay əmək fəaliyyətinə ilk dəfə başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması da diqqətdə saxlanılıb, sosial sığorta şəhadətnamələrin hazırlanması üçün 229 ərizə forması elektron imza vasitəsilə sifariş verilib.