CƏMİYYƏT
Ötən il 23 inzibati ərazi üzrə 35 min 287 cərrahi əməliyyat həyata keçirilib VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Ötən il Azərbaycanda 23 inzibati ərazi üzrə 35 min 287 cərrahi əməliyyat həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın 2020-ci il üzrə tətbiqi ilə bağlı fevralın 4-də keçirilən mətbuat konfransında deyib.
Agentliyin İdarə Heyətinin sədrinin sözlərinə görə, xidmətlər zərfi çərçivəsində təminata alınan cərrahi əməliyyatlara oynaqdaxili endoprotezlərin yerləşdirilməsi və koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi əməliyyatları ilə bağlı tibbi xidmətlər də daxildir: “Bu iki tibbi xidmətin hər biri üzrə sığorta limiti bütün ölkə üçün illik 300 əməliyyatdır. Ötən bir il ərzində 23 şəhər və rayonda ümumilikdə 47 nəfər oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, 49 nəfər isə koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi ilə bağlı əməliyyat olunub”.