İQTİSADİYYAT
Ötən il Azərbaycanla Çin arasında əmtəə dövriyyəsi ən yüksək səviyyəyə çatıb
Bakı, 16 mart, Laçın Sultanova, AZƏRTAC
2017-ci ildə Azərbaycanla Çin arasında əmtəə dövriyyəsi 1 milyard 298 milyon dollar olub.
Çinin Azərbaycandakı səfirliyinin ticari-iqtisadi məsələlər üzrə müşavirinin dəftərxanasından AZƏRTAC-a bildiriblər ki, ötən il əmtəə dövriyyəsinin həcmi 33,16 faiz artaraq tarixinin ən yüksək səviyyəsinə çatıb. Çin ötən il ölkəmizin ən böyük dördüncü ticarət tərəfdaşı olub. Hesabat dövründə Azərbaycanın Çinə ixracı 63,75 faiz artaraq 443 milyon 800 min dollar, idxal isə 21,38 faiz yüksələrək 854 milyon 500 min dollar təşkil edib.
Azərbaycandan Çinə ixrac edilən mallar arasında yanacaq, plastik kütlə və onlardan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları əsas yer tutub. Çindən ölkəmizə mexanizmlər, elektrik aparatları, avadanlıq və onların ehtiyat hissələri, nəqliyyat vasitələri və ehtiyat hissələri, geyim, keramika məmulatı, tibbi-sanitariya ləvazimatı, mebel, işıqlandırıcı cihazlar, məişət əşyaları idxal olunub.