REGİONLAR
Ötən il Masallıda ümumi məhsul istehsalı və əhaliyə göstərilən xidmətlərin həcmi artıb
Masallı, 24 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 24-də Masallı Rayon İcra Hakimiyyətində keçirilən hesabat yığıncağında 2019-cu ilin sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurları əks etdirən videoçarxa baxıblar.
Toplantıda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat məruzəsi dinlənilib.
Qeyd olunub ki, hesabat dövründə rayonda məhsul istehsalı və göstərilən xidmətlərin həcmi 2,2 faiz artaraq 833,5 milyon manat olub. Bu dövrdə sənaye məhsullarının həcmi 2,6, kənd təsərrüfatı məhsullarının həcmi 1,3, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,6 faiz artıb. İl ərzində rayonda adambaşına düşən pul gəlirləri 2948, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 354 manat təşkil edib.
Bildirilib ki, ötən il Masallı rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müəyyən işlər görülüb.
Diqqətə çatdırılıb ki, hesabat dövründə rayonda aqrar sahədə, əhalinin məşğulluğu sahəsində də bir sıra nailiyyətlər qazanılıb.
Məruzə ətrafında çıxış edənlər ötən il Masallı rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış edib.
Şura iclasında müzakirə olunan məsələ ilə bağlı müvafiq qəbul edilib, Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Sonda ötən il rayonda müxtəlif sahələrdə fərqlənən bir qrup şəxsə fəxri fərman və hədiyyələr təqdim olunub.