MƏDƏNİYYƏT
Ötən il Milli Dram Teatrında doqquz yeni tamaşa hazırlanıb
Bakı, 3 yanvar, AZƏRTAC
Ötən il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı üçün uğurlu premyeralar, müvəffəqiyyətli qastrol səfərləri ilə yadda qalıb.
Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı AZƏRTAC-a bildirib ki, teatrda yaradıcı əhval ilboyu yüksək səviyyədə olub, səhnə əsərləri istər böyük, istərsə də azyaşlı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
“Teatr təkcə yaradıcı məkan deyil, eyni zamanda, kassaya üz tutan tamaşaçı deməkdir. Sevinirəm ki, bizim tamaşaçı repertuardakı uğurlu tamaşaları görür, ətrafdakı insanlardan müsbət rəylər eşidir və öz gözləri ilə görmək üçün yollarını kassadan salırlar. İl ərzində Akademik Milli Dram Teatrında doqquz tamaşa hazırlanıb: “Sinif yoldaşları”, “Ah, bu uzun sevda yolu”, “Buratino”, “Manqurt”, “Bir, iki, bizimki”, “Gəl baharım, gəl yazım”, “Qəribə, çox qəribə əhvalat”, “Şah Qacar” və “Ninza tısbağalar”. Rusiya -Azərbaycan teatr əlaqələrində körpü rolunu oynayan “Sinif yoldaşları” tamaşası Rusiyanın məşhur yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı əsəri əsasında hazırlanıb. Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Əli Əmirlinin eyniadlı əsəri əsasında qurulan “Ah, bu uzun sevda yolu” tamaşası isə Mikayıl Müşfiqin 110 illiyinə həsr olunub. Akademik Milli Dram Teatrının kollektivi “İuda” tamaşası ilə Qazaxıstanda, “Manqurt” tamaşası ilə Qırğızıstanda və “Cəhənnəm sakinləri” tamaşası ilə Türkiyədə qastrol səfərlərində olub, tamaşalarımız beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək mükafata layiq görülüb. İl ərzində Balakən, Zaqatala, Qax və Şamaxıya qastrol səfərləri təşkil olunub. Yola saldığımız ildə Xalq artistləri Sofa Bəsirzadənin, Mehdi Məmmədovun, Tofiq Kazımovun, Həsənağa Turabovun və başqalarının yubileyləri qeyd olunub”, - deyə Cavid Zeynallı bildirib.