REGİONLAR
Ötən il Oğuzun kəndlərində 35 tütünqurutma kamerası quraşdırılıb
Oğuz, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC
2019-cu ildə Oğuz rayonunda 120,9 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Hesabat dövründə rayonda 18,6 milyon manatlıq sənaye, 43,8 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 22,4 milyon manatlıq investisiya yönəldilib. İnvestisiyaların 66,9 faizi istehsal, 33,1 faizi qeyri-istehsal təyinatlı obyektlərin inşasına sərf edilib. rayonda 388-i daimi olmaqla 578 yeni iş yeri yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə fevralın 24-də Oğuzda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun hesabat məruzəsində bildirilib ki, ötən il rayonda kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb. Ötənilki mövsümdə oğuzlu fermerlər 110 hektar sahədə tütün yetişdirib, 215,6 ton quru tütün istehsal ediblər. Tütün istehsalçılarının işini asanlaşdırmaq məqsədilə Bayan və Bucaq kəndlərində tikilmiş emal məntəqələrində 35 ədəd tütünqurutma kamerası quraşdırılaraq istifadəyə verilib. Bu il daha 10 ədəd kameranın istifadəyə verilməsi nəzərdə tutulur. Hesabat dövründə kümçülər 8 ton 892 kiloqram yaş barama istehsal ediblər. Barama istehsalı əvvəlki illə müqayisədə 3,7 ton artıb. Müddət ərzində rayon ərazisində 535 hektarda yeni fındıq bağları salınıb.
Diqqətə çatdırılıb ki, ötən il Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolunun əsaslı təmiri işləri davam etdirilib, 26 kilometr uzunluğunda yola asfalt-beton örtük çəkilib. Kənd İnvestisiya layihəsi çərçivəsində Padar, Dəymədərə, Ərmənət, Tayıflı, Şirvanlı və Xalxalqışlaq kəndlərinə içməli su xətti çəkilib, Xalxal və Hallavar kəndlərində daxili yollar təmir olunub. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə ötən il Oğuz şəhərində və kəndlərdə 6 ədəd subartezian quyusu qazılıb.
Müşavirədə, həmçinin 2019-cu ildə əhalinin elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib.
Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev müşavirədə çıxış edərək, 2019-cu ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışıb, tövsiyələrini bildirib.