İQTİSADİYYAT
Ötən il SOCAR üzrə əməkhaqqı fondu və digər ödənişlər 81 milyon manatdan çox olub
Bakı, 3 dekabr, AZƏRTAC
2019-cu il ərzində SOCAR üzrə cəmi hesablanmış əməkhaqqı fondu və digər ödənişlər 81 milyon 34,22 min manat, orta aylıq əməkhaqqı isə 112,7 manat artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin 2019-cu ilə dair “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.
Bu artım əsasən SOCAR-ın 2019-cu il 2 avqust tarixli əmri ilə “SOCAR-ın strukturuna daxil olan qurumlarda fəaliyyət göstərən işçilərin tarif (vəzifə) maaşlarının artırılması haqqında” əmr-qərarı ilə şirkətdə çalışan işçilərin tarif (vəzifə) maaşlarının 2019-cu il sentyabrın 1-dən 20 faiz artması, habelə SOCAR üzrə işçilərin əməyinin ödənilməsi sistemində aparılmış təkmilləşdirmə ilə əlaqədardır. SOCAR-ın idarəetmə mexanizminin təkmilləşdirilməsi, onun fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə şirkətin baş ofisi və strukturuna daxil olan bir sıra qurumlarında həyata keçirilən insan resursları transformasiya layihəsi üzrə, həmçinin əməyin təşkili və normalaşdırılması sahəsində (iş analizləri və biznes proseslər nəzərə alınmaqla) müvafiq istiqamətlər üzrə standart sənədlərin hazırlanması işləri davam etdirilir. Şirkətin dinamik inkişafının təmin edilməsi istiqamətində aparılan SOCAR-da İnsan resurslarının transformasiya layihəsinin tərkib hissəsi olaraq, işçilərin səriştəliklilərinin idarə olunması həyata keçirilir. Çoxşaxəli təşkilati struktura malik olan SOCAR-da fəaliyyət səmərəliliyinin artırılması və biznes proseslərin optimallaşdırılması ilə əlaqədar mütəmadi olaraq struktur dəyişiklikləri aparılır.