İQTİSADİYYAT
Osman Xaliyev: Ötən il 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat kredit verilib VİDEO
Bakı, 25 yanvar, AZƏRTAC
Ötən il Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən ümumi dəyəri 399,4 milyon manat olan 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat güzəştli kredit verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 25-də Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
Fondun sədri bildirib ki, bu kreditlər hesabına 3 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 59,8 faizi kənd təsərrüfatı, 23,9 faizi sənaye məhsullarının istehsalı və emalı, 6,5 faizi turizm, 9,9 faizi isə digər (təhsil, tibb və s.) sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 70,6 faizi regionların, 29,4 faizi isə Bakı şəhəri və Abşeronun payına düşür. Ötən il verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,9 faizi, kreditin məbləği üzrə isə 98,3 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.