REGİONLAR
Ötən il Salyanda istixanalardan 19 min 715 ton məhsul yığılıb
Salyan, 13 fevral, Mahir Babayev, AZƏRTAC
Son illər Salyanda istixana şəraitində yetişdirilən tərəvəz əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan torpaq mülkiyyətçiləri hər il daxili və xarici bazarlara istixanalarda yetişdirilən min tonlarla məhsul çıxararaq yüksək mənfəət əldə edirlər. Onlar bu sahədən əldə etdikləri gəlirlər hesabına istixanaların şəbəkəsini də ilbəil genişləndirirlər. Təkcə ötən il rayonda ümumi sahəsi 25,9 hektar olan 29 yeni istixana kompleksi tikilib istifadəyə verilib və bu istixanaların inşasına 7 min 464 manat xərclənib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-ci ildə rayonda ümumi sahəsi 130 hektar olan 447 istixana kompleksindən 19 min 716 ton məhsul istehsal edilərək bazarlara çıxarılıb. Rayonda faraş tərəvəz istehsalının artırılması və ixracının təşviq edilməsi istiqamətində işlər bu gün də davam etdirilir.
Salyanda təsərrüfatın bu sahəsi ilə ən çox Qarabağlı, Yenikənd, Xələc, Yolüstü kəndləri və Qaraçala qəsəbəsində fəaliyyət göstərən məhsul istehsalçıları məşğul olur.