CƏMİYYƏT
Ötən il ölkəmizdə baş verən istehsalat qəzaları nəticəsində 250 nəfər zərər çəkib
Bakı, 28 aprel, AZƏRTAC
Ötən il ölkəmizdə istehsalatla əlaqəli 228 bədbəxt hadisə qeydə alınıb. Hadisə nəticəsində 250 nəfər zərər çəkib ki, onlardan 213-ü kişi, 37-si isə qadın olub. Zərərçəkənlərdən 202-si xəsarət alıb, 48 nəfəri isə həyatını itirib. Bədbəxt hadisələr əsasən emal sənayesi, tikinti, mədənçıxarma sənayesi, nəqliyyat və anbar təsərrüfatı və digər sahələrdə xidmətin göstərilməsi zamanı baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Heydərov Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn konfransda çıxışı zamanı məlumat verib.
F.Heydərov bildirib ki, Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada hər il təxminən 340 milyon istehsalat qəzası baş verir, 160 milyon şəxs isə işlə əlaqəli peşə xəstəliyinə düçar olur: “Ölkəmizdəki statistik məlumatların müqayisəsinə gəlincə, 2019-cu ildə istehsalatla əlaqədar 247, ötən il isə 228 bədbəxt hadisə qeydə alınıb. Bu da 2020-ci ildə bədbəxt hadisələrin sayının 7.7 faiz azalması deməkdir. Bundan əlavə, 2019-cu illə müqayisədə ötən il bədbəxt hadisələr zamanı zərərçəkənlərin ümumi sayı 17.2, xəsarət alanların sayı 15.5, ölüm halı isə 24 faiz azalıb”.