CƏMİYYƏT
Ötən il tərkibində ozondağıdıcı maddələr olan məhsulların idxalı ilə əlaqədar bir icazə sənədi verilib
Bakı, 22 fevral, AZƏRTAC
Ötən il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid edilmiş mal və materialların idxalına-ixracına, o cümlədən geoloji məlumatların alqı-satqısı və həmin məlumatların təhlil olunması məqsədilə xaricə göndərilməsinin razılaşdırılmasına dair 169, o cümlədən ölkəyə gətirilməsi razılıq əsasında həyata keçirilən mal və materialların idxalına dair 102, ixracına dair 67 müraciətə baxılıb. Müraciətlərin əksəriyyəti ölkənin müxtəlif neft-qaz yataqlarına aid geoloji-geofiziki kəşfiyyat və istismar məmulatlarının, həlledicilər və durulaşdırıcıların, boya və lakların təmizlənməsi üçün kimyəvi maddələrin, həmçinin odsöndürənlər üçün hazır tərkiblərin, bundan əlavə müxtəlif laborator tədqiqatlara cəlb olunması üçün sınaq nümunələrinin idxalı və ixracı ilə əlaqədar olub.
Bu barədə AZƏRTAC-a nazirliyin Dövlət Ekspertiza İdarəsindən məlumat verilib.
Bildirilib ki, hesabat ili ərzində atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi üzrə 59, yeraltı və yerüstü su mənbələrindən istifadə ilə əlaqədar 9 fiziki və hüquqi şəxslərə “xüsusi icazə” sənədləri verilib. Tərkibində ozondağıdıcı maddələr olan məhsulların idxalı ilə əlaqədar 1 icazə sənədi verilib, ekoloji və normativ sənədlərin razılaşdırılması ilə əlaqədar 59 müraciətə baxılıb və razılaşdırılma təmin edilib.
Ölkə ərazisində meşə fonduna aid olmayan ağac və kol cinslərinin istifadəsi, mühafizəsi və qorunması tələbləri ilə əlaqədar 1458 müraciət daxil olub və müvafiq qaydada baxılaraq icrası təmin olunub. Müraciətlərin böyük əksəriyyəti Bakı şəhərində küləkli havalarda təhlükə yaradan və infrastruktur layihələrinin altına düşən ağacların kəsilməsi və ya budanması ilə əlaqədar müvafiq icra qurumları tərəfindən daxil olub.
Bundan əlavə, bir sıra normativ sənəd layihələrinə, torpaq sahələrinin təyinatlarının dəyişdirilməsi və cari məsələlərə baxılaraq müvafiq rəy və təkliflər hazırlanaraq təqdim edilib.