CƏMİYYƏT


Oturaq rejimdə çox vaxt keçirmək onurğa sütununda müxtəlif problemlərin yaranmasına səbəb olur

Bakı, 8 sentyabr, AZƏRTAC

Son vaxtlar onurğada protruziyalar, yırtıqlar, miyofasial ağrı sindromları, uşaqlarda skolioz, kifoz və müxtəlif qamət problemləri ilə əlaqədar müraciətlər artıb. Səbəblər isə daha çox həyat tərzi və gündəlik vərdişlərlə bağlıdır. Müasir dövrdə texnoloji tərəqqi zamanında insanlar oturaq rejimdə, hipodinamik şəraitdə, müxtəlif planşet və smartfonların istifadəsi ilə çox vaxt keçirirlər. Orta statistik insan gündə təxminən 9 saat oturaq vəziyyətdə və qapalı məkanlarda olur.

Mərkəzi Gömrük Hospitalının həkim-fizioterapevti Səidə Kərimova bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbət edərkən deyib: “Onurğa mürəkkəb bir strukturdur. Onurğa həm fiziki təsirə məruz qalır, həm də müxtəlif istiqamətlərdə hərəkəti təmin edir. Ona görə də onurğa strukturlarının stabil olması çox vacibdir. Oturanda onurğanın bel hissəsinə düşən yük 11 dəfə artır. Artıq çəki varsa, yüklənmə daha çox olur. Belə vəziyyət davamlı olursa, təbii ki, nəticədə müxtəlif problemlər ortaya çıxır. Əzələlər zəifləyir, onurğa strukturları stabilliyini itirir, protruziya və yırtıqların yaranmasına daha meylli olur”.

O, həmin xəstəliklərin müalicəsində müasir fizioterapiyanın rolu barədə danışarkən deyib: “Fizioterapiya vasitəsilə bədənin bərpa gücünü artırmaq, həmçinin prosedurlar nəticəsində ağrılı və xəstə nahiyəyə təsir etmək olur. Belə ki, dərmansız, əlavə təsir olmadan müalicəvi effekt almaq olur. Fizioterapiyada yüzlərlə prosedurlar və metodikalar var və onlar hər bir pasiyent üçün fərdi olaraq seçilir. Bəzən fizioterapiyanı “şüa verən” müalicə kimi təsəvvür edirlər. Bu, tamamilə səhv yanaşmadır. Fizioterapiyada sağlamlıq üçün təhlükəli ola biləcək şüalardan istifadə olunmur. Daha dəqiq desək, fizioterapiya təkcə aparatlarla müalicə deyil. Müalicəvi idman fiziki terapiyanın əhəmiyyətli hissəsidir. Əzələ zəifliyi, qamət problemləri, skolioz, kifoz zamanı, travma, xəstəlik və əməliyyatdan sonra bərpa kursunda mütləq xüsusi idman proqramı tətbiq olunur. Fizioterapiya əməliyyat tələb edilməyən ortopedik xəstəliklərdə – artrozlarda, oynaq və əzələ xəstəliklərində, travmadan sonra reabilitasiya dövründə, insultdan sonrakı nevroloji reabilitasiyada, tənəffüs yolları, ginekologiya xəstəliklərində, hətta bariatrik cərrahiyyədən sonra da istifadə olunur. Fizioterapevtik müalicənin tətbiq olunmadığı xəstəlik demək olar ki, yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.