REGİONLAR
Oxçuluq üzrə muxtar respublika birinciliyi başa çatıb
Naxçıvan, 24 sentyabr, AZƏRTAC
Naxçıvan Atıcılıq Mərkəzində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən oxçuluq üzrə muxtar respublika birinciliyi başa çatıb.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyası tərəfindən birgə təşkil olunan yarış atıcılıq idman növlərinə marağın artırılması, istedadlı atıcıların müəyyən edilməsi məqsədilə keçirilib.
Nəticələrə gəlincə, Naxçıvan Dövlət Universitetinin tələbəsi Murad Hüseynli hədəfə daha sərrast atışlar icra etməklə birinciliyin qalibi olub. Naxçıvan Dövlət Texniki Kollecindən Novruz Muradov və “Naxçıvan” Universitetindən Fidan Salmanova müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda qərarlaşıblar. İlk üçlük diplom, kubok və peyntbol oyunu üçün hədiyyə kuponu ilə mükafatlandırılıb.