DÜNYA
Özbəkistan XİN əfqan sərhədçiləri və yerli özünümüdafiə dəstəsinin üzvlərinin ölkə ərazisinə daxil olması ilə bağlı bəyanat yayıb
Daşkənd, 25 iyun, AZƏRTAC
Özbəkistan Xarici İşlər Nazirliyi əfqan sərhədçilərinin və yerli özünümüdafiə dəstəsinin 53 üzvünün Şortəpə dairəsindən Özbəkistan ərazisinə daxil olması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, Özbəkistan Əfqanıstanda və bu ölkə ilə həmsərhəd ərazilərdə hərbi-siyasi vəziyyəti diqqətlə izləyir. Özbəkistan qonşu ölkədə zorakılığın artmasından narahatdır. Ölkədə bütün münaqişə tərəflərinə gərginliyin aradan qaldırılması, mülki şəxslərə güc tətbiq etməyin və onların öldürülməsinin qarşısının alınmasına çağırır.
Bildirilir ki, 53 Əfqanıstan vətəndaşı ilə müvafiq söhbət aparıldıqdan sonra onlar öz ölkələrinə qaytarılıb.
Sənəddə qeyd olunur ki, bundan sonra da sərhədi qanunsuz keçərək Özbəkistan ərazisinə daxil olmaq istəyən sərhəd pozucuları haqqında ən sərt tədbirlər görüləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd