SİYASƏT
Özbəkistan portalları Azərbaycan Prezidentinin və birinci xanımın Füzuli və Cəbrayıl rayonlarına səfəri barədə materiallar yerləşdirib
Daşkənd, 17 noyabr, AZƏRTAC
Özbəkistanın “qalampir.uz” və “aniq.uz” portalları öz səhifələrində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri ilə bağlı özbək dilində məqalələr yerləşdirib.
Portallar yazır ki, Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilməsi ilə bağlı göstəriş verib. Artıq bu yolun salınmasına başlanıb.
Saytlar bildirir ki, Prezident İlham Əliyev ermənilər tərəfindən dağıdılan Füzuli şəhərində Azərbaycan bayrağını qaldırıb. Deyilir ki, yalnız Füzuli deyil, işğaldan azad edilən Zəngilan, Qubadlı və Cəbrayıl şəhərləri və kəndlər də yerlə- yeksan edilib, bütün infrastruktur dağıdılıb.
Yazılarda bildirilir ki, sonra Prezident İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilində gəziblər, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdiriblər.
Sonra dövlətimizin başçısı Cəbrayıl şəhərində də Azərbaycan bayrağını qaldırıb.
Prezident İlham Əliyev Cəbrayılın mərkəzində deyib: “Baxın, mənfur düşmən Cəbrayıl şəhərini nə günə salıb. Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd