ELM VƏ TƏHSİL
Özbəkistanda Əlişir Nəvainin irsi ilə bağlı konfransda Azərbaycan alimləri də çıxış ediblər
Daşkənd, 6 fevral, АZƏRTAC
Özbəkistanda “Əlişir Nəvai irsinin ümumdünya mədəniyyətindəki yeri və rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Nəvai şəhərində üçüncü dəfə keçirilən konfransda Azərbaycan, Rusiya, Türkiyə, Hindistan, Əfqanıstan, Tacikistan, Qazaxıstan, Monqolustan, Özbəkistan və digər ölkələrdən gələn nəvaişünas alimlər iştirak ediblər.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Sakit Hüseynov “Əlişir Nəvainin fəlsəfi dünyagörüşü”, Azərbaycan Texniki Universiteti ictimai fənlər kafedrasının professoru Əyyub Kərimov “Nəvainin “Fərhad və Şirin” əsərində ümumbəşəri dəyərlər”, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorunun müavini, professor Xatirə Bəşirli “Nəvainin Azərbaycan divan şeirinə təsiri (XV-XVI əsrlər)”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Almaz Ülvi “Dahi özbək şairi Əlişir Nəvai” və Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər “Azərbaycanda özbək ədəbiyyatının öyrədilməsi” mövzularında məruzələr ediblər.
Azərbaycan alimlərinin çıxışları maraqla qarşılanıb.
Özbəkistanın tanınmış jurnalisti Rüstəm Cabbarov isə “Əlişir Nəvai və Ağqoyunlular dövrünün ədəbiyyatı” mövzusunda çıxış edib.
Konfransdan əvvəl və sonra qonaqlar qədim Buxara və Səmərqənd şəhərlərində olub, bənzərsiz abidələrə baxıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd