MƏDƏNİYYƏT
Özbəkistanın innovativ layihəsi əsasında yaradılan Prezident məktəbinə Azərbaycana dair zəngin nəşr kolleksiyası hədiyyə edilib
Daşkənd, 15 fevral, АZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində Daşkənddəki Prezident məktəbinə ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edilib.
AZƏRTAC xəbər verir ki, hədiyyə olunan kolleksiyada Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, siyasəti və iqtisadiyyatına, habelə Ermənistanın Azərbaycana təcavüzü və işğal siyasətinə dair kitablar, jurnallar və elektron nəşrlər, eləcə də Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilinə tərcümə olunan Azərbaycan müəlliflərinin kitabları yer alıb. Kitabların arasında Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən AMM-yə göndərilən nəşrlər də öz əksini tapıb. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” elan olunub və bununla əlaqədar dahi Nizami Gəncəvinin əsərləri kolleksiyaya daxil edilib.
Məktəbin direktoru Turapboy Şermatov dəyərli kolleksiyaya görə Mədəniyyət Mərkəzinə təşəkkür edərək Azərbaycanın dost və qardaş ölkə olduğunu, rəhbərlik etdiyi məktəbin şagirdlərinin biliklərə, xüsusilə də qardaş ölkələrə dair daha çox məlumatlara yiyələnməli olduğunu qeyd edib. O, rəhbərlik etdiyi məktəblə Mədəniyyət Mərkəzi arasında gələcəkdə əməkdaşlığa dair memorandumun imzalanmasının vacib olduğunu qeyd edib.
Mədəniyyət Mərkəzinin Kitabxana-informasiya bölməsinin rəhbəri Kifayət Pirməmmədova Azərbaycan-Özbəkistan mədəni və ədəbi əlaqələrini möhkəmləndirmək məqsədilə həyata keçirilən layihələrdən danışıb, mərkəzin “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində çoxsaylı nəşrləri Özbəkistanın təhsil müəssisələrinə hədiyyə etdiyini bildirib.
Prezident məktəbinin yuxarı sinif şagirdləri Azərbaycan tərəfinin hədiyyə etdiyi kitablar əsasında hazırlanan "Odlar yurdu - Azərbaycan” adlı kitab sərgisində iştirak ediblər.
Qeyd edək ki, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Özbəkistan xalq təhsil nazirinin müavini Sarvar Babaxodjaev və məktəbin rəhbərliyi arasında keçirilən görüşdə birgə əməkdaşlıq əlaqələrinin yaradılması və AMM tərəfindən mütəmadi olaraq Azərbaycana dair yeni nəşrlərin Prezident məktəbinə hədiyyə olunması barədə razılıq əldə olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd