ELM VƏ TƏHSİL
Özbəkistanın tanınmış şərqşünasları Əlyazmalar İnstitutunda
Bakı, 24 fevral, AZƏRTAC
Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Şuxrat Sirojiddinov, professorlar Nurbay Jabborov, Boqijon Töxliiyev, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Nodir Tonurq, Olimjon Davlatov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, qonaqlara elmi müəssisədə mühafizə olunan yazılı abidələr, aparılan elmi tədqiqat işləri, yeni nəşrlər barədə ətraflı məlumat verilib. Onlar elmi müəssisənin Ekspozisiya zalında, Əlyazma saxlanclarında, Elektron resurslar şöbəsində, Bərpa və konservasiya laboratoriyasında olub, institutda əlyazmaların mühafizəsi, bərpası, elektronlaşması və sərgilənməsi işinin təşkilini yaxından izləyiblər.
Sonda özbəkistanlı qonaqlara Əlyazmalar İnstitutunun son nəsrlərindən bir neçəsi hədiyyə olunub və xatirə şəkli çəkdirilib.