DÜNYA
Özbəkistanla Hindistan arasında əlaqələrin dərinləşdirilməsinə dair 20 sənəd imzalanıb
Daşkənd, 2 oktyabr, АZƏRTAC
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Hindistanda rəsmi səfərdə olub.
AZƏRTAC Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şavkat Mirziyoyev Hindistan prezidenti Rama Natxa Kovind, Baş nazir Narendra Modi, vitse-prezident, Senatın sədri Venkaya Naydu və digər rəsmi şəxslərlə görüşüb.
Görüşlərdə Özbəkistanla Hindistan arasında siyasi, ticarət-iqtisadi, səhiyyə, turizm, mədəni-humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi, həmçinin beynəlxalq terrorizm, dini ekstremizm, qeyri-qanuni miqrasiya və narkotiklərin qeyri-qanuni dövriyyəsi, mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri müzakirə edilib.
Şavkat Mirziyoyevin Narendra Modi ilə görüşündə deyilib ki, hazırda Özbəkistanda Hindistan sərmayəsinin iştirakı ilə 145 birgə müəssisə fəaliyyət göstərir. Danışıqlarda ölkələr arasında mal mübadiləsinin həcmini 1 milyard dollara çatdırılması haqqında qərar qəbul edilib.
Görüşün yekunları ilə bağlı bütün sahələrdə əlaqələrin dərinləşdirilməsi ilə bağlı 20 sənəd imzalanıb.
Özbəkistan-Hindistan biznes-forumunda isə işgüzar dairələrin nümayəndələri 3 milyard dollar həcmində investisiya layihələrinin həyata keçirilməsini qərara alıblar.
Şavkat Mirziyoyev xanımı ilə Aqradakı Tac-Mahal kompleksinə də gedib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd