SİYASƏT
Özbəkistanlı jurnalistlər Gəncədə şahidi olduqları erməni vandalizmi barədə yerli oxucuları məlumatlandırıblar
Daşkənd, 5 iyun, AZƏRTAC
Özbəkistanın “qalampir.uz” portalının əməkdaşları Feruza Najmiddinova və Kamoliddin Zaidov Azərbaycana səfərləri çərçivəsində Gəncəyə gedərək orada erməni vandalizminin şahidi olublar.
AZƏRTAC xəbər verir ki, jurnalistlər Özbəkistana qayıtdıqdan sonra dərc etdirdikləri məqalədə özbək oxucuları ermənilərin mülki şəxslərə qarşı törətdikləri vəhşiliklər barədə məlumatlandırıblar.
Bildirilib ki, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri Gəncəyə qadağan olunmuş ballistik raketlərlə dəfələrlə hücum edib, bu hücumların ikisi daha ağır fəsadlar törədib.
Jurnalistlər qeyd ediblər ki, onlar səfər çərçivəsində ötən il oktyabrın 11-də və 17-də Gəncə şəhərinə atılan raketlər nəticəsində dağılmış yerlərdə olublar.
Materialda bildirilir ki, oktyabrın 11-də şəhərə gecə yarısı raket hücumu nəticəsində 12 nəfər ölüb, 40 nəfərdən çox sakin yaralanıb. Növbəti raket hücumu zamanı isə 16 mülki şəxs həlak olub, 55 nəfər yaralanıb. Onların arasında uşaqlar da var. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış evlərinə, inzibati binalara, avtomobillərə ciddi ziyan dəyib.
Məqalədə Qarabağın tarixi, Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlaması, zəbt olunan şəhər və kəndlərin yerlə-yeksan edilməsi, məscidlərin, milli mədəni irsin dağıdılması haqqında özbək oxucularına ətraflı məlumat verilir.
Yazıda, həmçinin 44 gün davam edən Vətən müharibəsi, Azərbaycan əsgərinin şücaəti, işğal altındakı torpaqların geri qaytarılması haqqında da zəngin məlumat var.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd