İQTİSADİYYAT
Özəlləşdirilmiş müəssisələrdə istehsalın həcmi 1,5 milyard manat artıb
Bakı, 15 fevral, AZƏRTAC
Dövlət mülkiyyətində olan dövrlə müqayisədə özəlləşdirilmiş müəssisələrdə istehsalın həcmi 1,5 milyard manat artıb, çoxlu çeşiddə yeni rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 15-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan “Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar” mövzusunda işgüzar forumda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib.
Komitə sədri bildirib ki, bu gün Azərbaycanın bir çox tanınmış brendləri “Holcim Sement” zavodu, “Baltika-Bakı” pivə zavodu, "Azəravtoyol" müəssisəsi, "Aznar" şirə zavodu, "Embawood" mebel fabriki və eləcə də çoxlu sayda qida və ət-süd, quşçuluq və şirə istehsalı brendləri dövlət əmlakının özəlləşdirilməsi nəticəsində ərsəyə gəlib. Hazırda həmin brendlər MDB dövlətləri ilə yanaşı bir sıra xarici ölkələrdə də Azərbaycanı tanıdırlar.