İQTİSADİYYAT
Özəlləşdirmə nəticəsində daha bir müəssisə yenidən qurulur
Bakı, 15 avqust, AZƏRTAC
Özəlləşdirmə nəticəsində biznes mühitinə daha bir müəssisə qoşulur.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına və müvafiq tapşırıqlarına uyğun olaraq, ölkədə özəlləşdirilən müəssisələrin fəaliyyəti yenidən qurulur, regionların inkişafını artıran belə müəssisələrin fəaliyyəti genişlənir, yeni iş yerləri yaradılır. Bu baxımdan respublikanın müxtəlif regionlarında yerləşən müəssisələrin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi diqqət mərkəzindədir.
Komitə tərəfindən cari il mayın 31-də “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Neftçala rayonunda yerləşən S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodunun satışı üzrə investisiya müsabiqəsi elan edilib.
Müsabiqədə iştirak etmək üçün 2 iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim olunub. Təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə “Azerbaijan Fish Factory” Məhdud Məsuliyyətli Cəmiyyəti zavodun satışı üzrə investisiya müsabiqəsinin qalibi elan olunub.
İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqidir. Həmçinin istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, ekoloji tarazlığın qorunması əsas vəzifələrdəndir.
Qalib şirkət dövlət büdcəsinə 750 min manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 3 milyon 79 min manat təşkil edən investisiya proqramının icrasını, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.
Zavodun fəaliyyəti bəzi nəsli kəsilməkdə olan balıqların çoxaldılmasına şərait yaradacaq. Bölgə, kələmo, nərə, uzunburun kimi az sayda olan balıqların yetişdirilməsi planlaşdırılır. İnvestisiya proqramının icrası nəticəsində müəssisənin Xəzəryanı dövlətlər arasında ilk nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatı olacağı gözlənilir.
Müəssisənin fəaliyyəti yeyinti sənayesinin inkişafına xidmət göstərməklə yanaşı, əhalinin balığa olan tələbatının ödənilməsinə də şərait yaradacaq. Həmçinin gələcəkdə balıqdan hazırlanan məhsulların, konservləşdirilmiş malların istehsalı üçün lazım olan xammal zavod tərəfindən təmin edilə bilər.
Qalib şirkət investisiyaları müəssisədəki nohurların tam yenidən qurulması və əlavə nohurların inşasına, qapalı su çevrəsi əsasında fəaliyyət göstərən istehsal sahəsinin yaradılmasına, o cümlədən hovuzların yenidən qurulması və yeni hovuzların quraşdırılmasına sərf edəcək. Eyni zamanda, vəsait təmir-tikinti işləri və inzibati binanın restruktizasiyasına, su təchizat sisteminin yenilənməsinə, eləcə də ərazinin abadlaşdırılmasına xərclənəcək.
Həyata keçiriləcək investisiya qoyuluşları nəticəsində müəssisədə 28 yeni iş yerinin yaradılması, habelə fəaliyyət dairəsindən asılı olaraq işçilərə 300 manatdan az olmayan məbləğdə əməkhaqqının verilməsi planlaşdırılır.