SİYASƏT
PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ BÖYÜK BRİTANİYADA
Xəbər verildiyi kimi, Milli Məclisin nümayəndə heyəti Böyük Britaniyada səfərdədir. Martın 12-də Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın Böyük Britaniya Qrupunun üzvləri ilə görüşmüşdür.
Görüşdə Böyük Britaniya-Azərbaycan Parlament qrupu sədrinin müavini xanım Deri Teylor son illər ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin inkişaf etdiyini nəzərə çarpdırdı. Söhbətdə o, parlamentlərarası əlaqələrin indiki vəziyyətindən razı olduğunu dedi.
Azərbaycanın Ali qanunvericilik orqanının rəhbəri bildirdi ki, 1993-cü ildən ötən dövr ərzində Milli Məclis 1500-dən çox qanun, qərar və müxtəlif hüquqi sənədlər qəbul edərək müstəqil dövlətimizin inkişafı üçün lazım olan qanunvericilik bazasını yaratmışdır. Bu illər ərzində möhtərəm Prezidentimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik dəyişikliklər, söz və fikir azadlığı istiqamətində mühüm işlər görülmüş, Şərq aləmində ilk olaraq respublikamızda ölüm cəzası ləğv edilmişdir. Bu gün Azərbaycan Avropaya sürətlə inteqrasiya edir, onun mütərəqqi təcrübəsindən bəhrələnir.
Söhbətdə ölkələrimiz arasında əməkdaşlıq, Dağlıq Qarabağ problemi, Azərbaycanda demokratiyanın inkişafı, seçki sistemləri və başqa aktual məsələlər müzakirə edildi.
Görüşdə Milli Məclisin deputatı, görkəmli akademik Cəlal Əliyev Qafqazda və Abşeron yarımadasında ekoloji vəziyyət barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
Sonra nümayəndə heyətimiz Böyük Britaniya Parlamentinin iclasında iştirak etdi və orada parlament üzvləri ilə baş nazir Toni Bleyer arasında aparılan sual-cavab prosesini izlədi.
Həmin gün Milli Məclisin sədri Murtuz Ələsgərovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Böyük Britaniya hökumətinin Lordlar Palatasında Xarici Əlaqələr üzrə təmsilçisi Baronessa Kroli ilə görüşdü. Xanım Kroli Ülyahəzrət Kraliçanın hökuməti adından nümayəndə heyətini salamlayaraq son illərdə parlamentlər və xarici işlər nazirlikləri səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin təqdirəlayiq olduğunu qeyd etdi. O, bildirdi ki, 1998-ci ildə Prezident Heydər Əliyev və baş nazir Toni Bleyer tərəfindən Londonda imzalanmış bəyannamədən sonra ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni səviyyəyə qalxmışdır. Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayələr bunu bir daha sübut edir. Biz ikitərəfli əlaqələrimizin inkişaf etməsinə çox şadıq.
Söhbətdə Milli Məclisin sədri Azərbaycanın Böyük Britaniya ilə bütün sahələrdə münasibətlərin inkişafında maraqlı olduğunu bildirdi. Parlamentin spikeri iqtisadi sahədə əməkdaşlığın genişləndiyini xüsusilə nəzərə çatdırdı. Ali qanunvericilik orqanının rəhbəri qeyd etdi ki, bu münasibətlərin inkişafında Prezident Heydər Əliyevin müstəsna rolu vardır. Biz qarşılıqlı əlaqələrimizin bundan sonra da tərəqqisinə çalışacağıq. Sonda Milli Məclisin sədri Londona səfər müddətində nümayəndə heyətimizə göstərilən qayğı və səmimi münasibətə görə minnətdarlığını bildirdi.
Həmin gün axşam nümayəndə heyəti Şotlandiyanın paytaxtı Edinburq şəhərinə gəldi. Burada parlamentarlarımız Böyük Britaniya-Azərbaycan cəmiyyətinin sədri Lord Freyzerlə görüşdülər. Görüşdə iki dövlət arasında münasibətlərin inkişafı, informasiya mübadiləsi baxımından cəmiyyətin rolu xüsusi qeyd olundu. Milli Məclisin sədri təşkilatın rəhbərini Azərbaycana səfərə dəvət etdi.
Bütün görüşlərdə tədbir iştirakçılarına Ermənistanın Azərbaycana təcavüzünü və onun nəticəsini əks etdirən kitab və sənədlər, həmçinin deputat Vaqif Abdullayevin Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, AŞPA sədrinin müavini, büro üzvü cənab İlham Əliyev haqqında yazdığı “O, böyük siyasətə hazırdır” adlı kitabın ingiliscə nüsxələri təqdim edildi.
Ceyhun Quliyev
Milli Məclisin Mətbuat xidməti
Şöbəsinin əməkdaşı