İQTİSADİYYAT
“PAŞA Həyat” istehsalat zamanı vəfat etmiş şəxsin ailəsinə 25,4 min manat sığorta ödənişi etmişdir
Bakı, 12 dekabr (AZƏRTAC). “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə daha bir iri həcmli ödənişini həyata keçirmişdir.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “PAŞA Həyat” tərəfindən sığorta olunmuş işçi istehsalat zamanı baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Baş vermiş hadisə barədə qanunvericiliyin tələblərinə uyğun məlumatlar toplanaraq “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası”na müvafiq olaraq, “PAŞA Həyat” tərəfindən vəfat etmiş şəxsin ailəsinə 25,403 min manat həcmində birdəfəlik ödəniş verilmişdir.
Ümumiyyətlə, 2013-ci ilin əvvəlindən başlayaraq “PAŞA Həyat Sığorta” tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödənişlərin verilməsi halları artmışdır. Bu ilin yanvar-noyabr aylarında sözügedən sığorta növü üzrə 670 min manata yaxın sığorta ödənişi həyata keçirilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,3 dəfə çoxdur.