İQTİSADİYYAT
PENSİYALARIN İYUL AYI ÜÇÜN MALİYYƏLƏŞDİRİLMƏSİ VAXTINDA BAŞA ÇATDIRILMIŞDIR
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2003-cü ilin əvvəlindən bu istiqamətdə müşahidə olunan irəliləyiş yüksələn xətlə davam etdirilir. İşləməyən əhaliyə pensiya və müavinətlərin iyul ayı üçün maliyyələşdirilməsi vaxtında başa çatdırılmışdır. Bütövlükdə isə ilin ötən yeddi ayı ərzində 879 milyard manat vəsait köçürülmüşdür ki, bu da keçən ilin müvafiq dövründəkindən 124, 6 milyard manat və ya 16,3 faiz çoxdur.
2003-cü ilin yeddi ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclər üzrə göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə xeyli yüksəlmişdir. Belə ki, gəlirlər 1 trilyon manat olmuş, proqnoza 105,1 faiz əməl edilmişdir. Gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları 617,9 milyard manat təşkil etmiş və ya proqnoz 108,1 faiz yerinə yetirilmişdir. Dövlət büdcəsindən transfert şəklində ayırmaların məbləği proqnoza uyğun olaraq 380,3 milyard manatdır. Məcburi dövlət sosial sığorta haqları üzrə toplanmış vəsaitin 206,4 milyard manatı büdcədən maliyyələşdirilən təşkilatlardan, 411,5 milyard manatı isə qeyri-büdcə təşkilatlarından daxil olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-büdcə təşkilatlarından daxilolmalar 100,9 milyard manat (32,5 faiz) çoxdur. Toplanmış məcburi sosial sığorta haqlarının tərkibində özəl sektorun xüsusi çəkisi xeyli artmışdır. Eyni zamanda, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların ödənilməsi istiqamətində Fond tərəfindən həyata keçirilən ardıcıl tədbirlər gəlirlərin artmasına öz təsirini göstərmişdir.