DÜNYA
PREZİDENT CORC BUŞUN SİYASİ TƏRƏFDAŞLARI KONQRESİN HƏR İKİ PALATASINDA QƏLƏBƏ QAZANMIŞLAR
Noyabrın 5-i ABŞ-da keçirilən ümummilli seçkilərin nəticələrinə görə, Respublikaçılar partiyası Konqresin hər iki palatasında – Senatda və Nümayəndələr palatasında qələbə qazanmışdır. Xatırladaq ki, amerikalılar bu həftə Nümayəndələr palatasının tam tərkibini – 435 üzvünü, Senatın isə üçdə birini – 34 üzvünü yenidən seçirdilər. Bundan əlavə, amerikalılar bu seçkilərdə 36 qubernator vəzifəsinin sahiblərini müəyyənləşdirir, habelə bir sıra ştatlarda referendum şəklində yerli məsələlərə münasibətlərini bildirirdilər.
Seçki ərəfəsində keçirilən sorğular demokratların, həm də respublikaçıların imkanlarını təxminən eyni səviyyədə olduğunu göstərməklə proqnozlar verməyi çətinləşdirirdi. Lakin ölkə iqtisadiyyatında müşahidə olunan vəziyyət siyasi platformalarında məhz iqtisadi məsələlərə daha çox yer ayıran demokratların, heç olmasa, Senatda səs çoxluğunu saxlayacaqlarını və qubernator vəzifələrinin əksəriyyətini əldə edəcəklərini düşünməyə əsas verirdi. Seçkilərin ilkin nəticələri isə göstərir ki, bu gün amerikalıları iqtisadi göstəricilərdən daha çox təhlükəsizlik qayğılandırır. Analitiklərin fikrincə, 11 sentyabr terror aktları və xüsusilə də bir ay bundan əvvəl Vaşinqtonda və onun ətrafında snayperin törətdiyi qətllər respublikaçıların təhlükəsizlik haqqında verdiyi vədləri daha aktual etdi. Respublikaçıların qələbəsini təmin edən əlavə amil prezident Corc Buşun və vitse-prezident Riçard Çeyninin seçkiqabağı kampaniyada yaxından iştirakı idi. Beləliklə, ABŞ-ın həm icra, həm qanunverici orqanı respublikaçıların nəzarətindədir. Senatın Cənubu Qafqaz və Orta Asiya üzrə yardımçı komitəsində də dəyişiklik baş vermişdir. Komitənin sədri, qatı ermənipərəst mövqeyi ilə tanınan demokrat senator Toriçelli rüşvətxorluqda ittihamlandığına görə hələ sentyabr ayında seçki kampaniyasından uzaqlaşmışdı. Daha bir ermənipərəst demokrat senator Uelstoun isə seçki ərəfəsində təyyarə qəzasına uğrayaraq həlak olmuşdur. Hazırda senatda səs çoxluğunun respublikaçılara keçdiyini nəzərə alsaq, adı çəkilən komitədə sədr yerinə namizədin Azərbaycan meylli mövqedən çıxış edən senator Heyql, Smit və ya Braunbəkin olacağı ehtimalı güclənir.
Azərbaycanın Vaşinqtondakı səfirliyinin müşaviri Elmar Məmmədyarov: AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, bizim üçün Konqresdə hansı partiyanın üstünlük qazanmasının prinsipial fərqi yoxdur. Ölkəmizin milli maraqlarını təmin etmək, ABŞ-Azərbaycan ikitərəfli əlaqələrini inkişaf etdirmək üçün həm demokratlarla, həm də respublikaçılarla işləmək vacibdir. Diplomat səfirliyin yeni seçilmiş konqresmenlər və senatorlarla sıx işləyəcəyini vurğulayaraq bildirmişdir ki, Azərbaycan haqqında həqiqətləri, Xəzərin enerji ehtiyatlarına dair layihələrin əhəmiyyətini təbliğ etməkdə davam edəcəyik. Əlbəttə, Prezident Corc Buşun tərəfdarlarının Konqresdə çoxluq təşkil etməsi işimizi yüngülləşdirə bilər.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton