PREZİDENT HEYDƏR ƏLİYEV AZƏRBAYCAN ÜÇÜN BİR QƏRİNƏDƏ BİR ƏSRƏ BƏRABƏR İŞ GÖRMÜŞDÜR ÖLKƏMİZİN QADIN İCTİMAİYYƏTİ FƏALLARININ QƏNAƏTİ BELƏDİR
AzerTAg.az
İyulun 24-də Təhsil Nazirliyinin akt salonunda Azərbaycanın qadın ictimaiyyəti fəallarının yığıncağı keçirilmişdir.
Yığıncağı Yasamal rayonundakı 18 nömrəli pilot məktəbin müəllimi Gülnaz Məmmədova açaraq demişdir ki, son vaxtlar müxalifət mətbuatında Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə bağlı həqiqətə uyğun olmayan, ictimaiyyəti caşdıran yazılar dərc olunur. Bu əxlaqsızlıq, milli mentalitetimizə və etikaya sığmayan hərəkət qadınlarımızı hiddətləndirmiş, onları bu salona toplaşıb siyasətbazlara cavab verməyə vadar etmişdir.
Yığıncaqda YAP Siyasi Şurasının üzvü Svetlana Bayramova, Nəsimi rayonundakı 8 nömrəli orta məktəbin müəllimi Ülkər İsmayılova, Nərimanov rayonundakı 200 nömrəli orta məktəbin müəllimi Rəfiqə Eyvazova, Nəsimi rayonundakı 9 nömrəli orta məktəbin müəllimi Ağabacı Mirzəyeva, Səbail rayonundakı 160 nömrəli orta məktəbin direktoru Faina Ələkbərova, Nəsimi rayonundakı 19 nömrəli orta məktəbin müəllimi Solmaz Abdullayeva, Nərimanov rayonundakı 93 nömrəli orta məktəbin müəllimi Sona Kərimova, Nəsimi rayonundakı 164 nömrəli orta məktəbin müəllimi Hədiqə Axundova, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimi Nigar Əsgərova, Səbail Rayon Təhsil Şöbəsinin müdiri Sara Xanlarova, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva çıxış etmişlər.
Natiqlər müxalifət partiyalarının nəzarətində olan mətbuat vasitələrinin söz azadlığından sui-istifadə edərək, ölkəmizin başçısının səhhəti ilə bağlı qərəzli, insanlıq normalarına uyğun gəlməyən yazılar dərc etməsini pisləmiş, bu əməlləri dövlətin rəmzinə, ağsaqqala, milli liderə hörmətsizlik saymışlar. Onlar əlaqədar dövlət orqanlarını böhtançı mətbuat vasitələri haqqında qanun çərçivəsində ciddi tədbirlər görməyə çagırmışlar.
Yığıncaqda bəyanat qəbul edilmişdir. Bəyanatda deyilir:
“Biz, respublikanın qadın ictimaiyyətinin nümayəndələri son günlər bəzi müxalifət mətbuatında, xüsusilə “Yeni Müsavat”, “Hürriyyət”, “Azadlıq” və digər qəzetlərin səhifələrində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sağlamlığı ilə əlaqədar insanlığa, heç bir əxlaq normalarına sığmayan yazılara münasibətimizi bildirərək bəyan edirik:
Cənab Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində gecəsini gündüzünə qataraq xalqımızın, millətimizin, dövlətimizin və dövlətçiliyimizin naminə bir neçə yüz ilə bərabər iş görmüş, həyatını bütünlüklə Azərbaycana həsr etmişdir.
Möhtərəm Heydər Əliyev Azərbaycanın müstəqilliyi, dövlətçiliyi təhlükə qarşısında olduğu, ölkəmiz vətəndaş müharibəsi həddinə çatdığı bir zamanda xalqın çağırışı ilə yenidən siyasi hakimiyyətə gəldi.
On il ərzində Heydər Əliyev həyata keçirdiyi müdrik, məqsədyönlü siyasət nəticəsində hamımız üçün ən dəyərli olan müstəqil Azərbaycan dövlətini yaratdı. Onu inkişaf etdirdi, xalqımızı, millətimizi, dövlətimizi dünyada tanıtdı. Həyatımızın bütün sahələrində islahatlar apardı. Bu islahatlar indi də davam etdirilir və gələcəkdə də Heydər Əliyevin rəhbərliyi ilə davam etdiriləcəkdir.
Biz analar üçün ən vacib olanı budur ki, Heydər Əliyev Ermənistan-Azərbaycan müharibəsini dayandırdı, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində öz siyasi xəttini uğurla davam etdirir və inanırıq ki, bu münaqişə öz ədalətli həllini məhz Heydər Əliyevin rəhbərliyi ilə tapacaqdır.
Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycana sabitlik gətirdi, əmin-amanlığı bərqərar etdi. Bu gün bizim övladlarımız məhz bu əmin-amanlıq şəraitində böyüyür və inkişaf edirlər.
Heydər Əliyev ölkəmizdə azərbaycançılıq ideyasının banisidir, müstəqil Azərbaycan dövlətinin memarıdır.
Bütün bunlara görə biz Heydər Əliyevə minnətdarlığımızı bildiririk və hesab edirik ki, qədirbilən xalqımız onu həmişəki kimi, bu gün də müdafiə edir və gələcəkdə də onunla birlikdə olacaqdır.
Biz - Azərbaycan qadınları, tərbiyəçi-müəllim analar bu gün təəssüf hissi ilə deyirik ki, bizim igid, qəhrəman, Vətən uğrunda canından keçməyə hazır olan övladlarımızla yanaşı, böyüyün üzünə ağ olan, Allah xofundan da qorxmayıb haqqı nahaqqa satan naxələflərimiz də vardır. Bu, bizi həm üzür, həm də kədərləndirir. Onlar unutmamalıdırlar ki, analar övladlarını sevdikləri kimi, naxələf övladdan imtina etməyi də bacarırlar.
Biz üzümüzü belələrinə - “Yeni Müsavat”, “Hürriyyət”, “Azadlıq” kimi qəzetlərin yazarlarına tutaraq bir daha bəyan edirik: Nə qədər ki, gec deyil, bu yoldan, yalan, hədyan-böhtan yolundan çəkinin. Bəlkə də bu gün vaxtınız var, sabah isə gec olacaqdır.
Biz Azərbaycanın müvafiq orqanlarından tələb edirik ki, ölkəmizdə formalaşmış sağlam mühiti, sabitliyi pozmağa cəhd göstərən, xalqımızı çaşdırmağa çalışan həmin mətbuat orqanlarının fəaliyyətini qanunlar çərçivəsində tənzimləsinlər.
Biz, Azərbaycan əhalisinin yarıdan çoxunu təmsil edən qadınlar adından bir daha bildiririk ki, ölkəmizin Prezidenti Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyirik və gələcəkdə də dəstəkləyəcəyik. Möhtərəm Prezidentimizə Ulu Tanrıdan möhkəm cansağlığı, uğurlar arzulayır, onun qarşıdan gələn seçkilərdə qalib gələcəyinə əmin olduğumuzu bildiririk” .
Xəbərin mətnində orfoqrafik səhv var