ELM VƏ TƏHSİL
Pakistanlı deputatlar Azərbaycan Dillər Universitetində olublar
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla pakistanlı deputatlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, akademik Kamal Abdulla Azərbaycan-Pakistan dostluq münasibətlərindən danışıb: “Azərbaycanın 44 günlük Vətən müharibəsinə qədər mən elə bilirdim ki, bizə qardaş olan bir ölkə var, o da Türkiyədir. Lakin Vətən müharibəsində Pakistanın Azərbaycana dəstəyi göstərdi ki, bizim bir qardaş ölkəmiz də Pakistandır. Azərbaycan xalqı Pakistanın bu qardaşlığını heç vaxt unutmayacaq”.
Rektor diqqətə çatdırıb ki, Azərbaycan və Pakistan arasında tarixən isti münasibətlər olub. Ulu öndər Heydər Əliyev də Pakistanla münasibətlərə xüsusi önəm verirdi. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Dillər Universiteti olaraq Azərbaycan-Pakistan əlaqələrinin daha da inkişaf etdirilməsinə öz töhfəmizi veririk. Universitetimizdə Pakistan mədəniyyət mərkəzi fəaliyyət göstərir. Mərkəz tələbələrimizin Pakistanı daha yaxşı tanımasına imkan verir. Burada onlar urdu dili, Pakistan mədəniyyəti ilə yaxından tanış olurlar. Gələcəkdə Pakistanla akademik əlaqələrimizi daha da genişləndirməyi düşünürük: “Hər iki ölkədə fəaliyyət göstərəcək elmi mərkəzlər həm azərbaycanlı, həm də pakistanlı gənclər arasında möhkəm bir körpüyə çevriləcək. Sizin də köməyinizlə biz pakistanlı gəncləri burada qəbul edəcəyik, həmçinin azərbaycanlı gənclər Pakistanda qarşılanacaq”.
Pakistan İslam Respublikası Milli Assambleyası nümayəndə heyətinin rəhbəri Sədaqət Əli Abbasi vurğulayıb ki, Azərbaycanla Pakistan arasında əlaqələr çox önəmlidir. Bu əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində genişləndirilməsinə çalışırıq. Pakistanın 100 milyondan çox əhalisi var. Azərbaycan ilə qarşılıqlı təcrübə mübadiləsi aparmağı arzu edirik: “Təklif edirəm ki, azərbaycanlı və pakistanlı akademik heyətin təmsil olunduğu platforma yaradılsın. Bu platformada müzakirələr aparılsın, hər iki ölkənin təhsilinin inkişafı üçün mühüm qərarlar qəbul edilsin”.
Daha sonra Pakistanın Azərbaycandakı səfiri Bilal Haye qonaqları Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Pakistan mədəniyyət mərkəzi ilə tanış edib. Bildirib ki, Azərbaycan gəncləri mərkəzdə Pakistanın mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olurlar.