REGİONLAR
Pambıq dolu karvan məntəqəyə yola salınıb
Ağsu, 9 sentyabr, AZƏRTAC
Ağsu rayonunun pambıqçıları bir neçə gündür ki, məhsul yığımına başlayıblar. Yığım hələlik əllə aparılır. Sentyabrın 9-da pambıq dolu ilk lafet karvanı qəbul məntəqələrinə yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, lafet karvanının yola salınması təntənəli mərasimlə qeyd edilib. Rayon rəhbərliyinin, fermerlərin, torpaq mülkiyyətçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə çıxış edənlər mühüm strateji sahə olan pambıqçılığın inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrlə bağlı görülən işlərdən, qarşıda duran vəzifələrdən, bu sahəyə göstərilən dövlət dəstəyindən danışıblar.
Bildirilib ki, cari ildə rayonda 600 hektarda pambıq yetişdirilib. Məhsulun təqribən 70 faizi maşınlarla yığılacaq. Bu məqsədlə hələlik 3 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib. Məhsulun qalan hissəsi isə əllə toplanacaq. Bunun üçün ilk günlərdən tarlalara 600 nəfərədək işçi qüvvəsi cəlb olunub.
Rayonda pambıqçılıqla məşğul olan 37 fermer təsərrüfatı var. Onlar məhsul istehsalı ilə əlaqədar “P Aqro” MMC ilə müqavilə bağlayıblar. Əksər ərazilərdə, o cümlədən daha çox əkin aparılan Çaparlı, Ləngəbiz, Ərəbmehdibəy, Gəgəli və bir sıra digər ərazi vahidlərində fermerlər bol məhsul yetişdiriblər. Mütəxəssislər cari mövsümdə rayonda hər hektardan 25 sentnerdən çox məhsul götürüləcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, ölkə üzrə pambıq sahələrində kütləvi yığıma yaxın günlərdə start veriləcək.