ELM VƏ TƏHSİL
Pan-Avropa üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısında Qlobal Qiymətləndirmənin ikinci oxunuşu ətrafında müzakirələr aparılıb
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə İsveçrənin Bern şəhərində keçirilən Pan-Avropa üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısında iştirak edib.
Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, İsveçrə Biomüxtəliflik Fondu tərəfindən təşkil olunan tədbirə, həmçinin bu elm müəssisəsinin təhsil şöbəsinin müdiri, dosent Rəşad Səlimov da qatılıb.
Bioloji müxtəlifliyin mühafizəsi ilə bağlı keçirilən yüksək səviyyəli beynəlxalq tədbirin məqsədi bu ilin martında Kolumbiyanın Medellin şəhərində qəbul edilmiş Avropa və Mərkəzi Asiya üzrə Hökumətlərarası Elm-Siyasət Platformasının (IPBES) regional hesabatının təqdimatı və Qlobal Qiymətləndirmənin ikinci oxunuşu üzrə müzakirələrin aparılması olub.
Qeyd edək ki, Validə Əlizadə IPBES-in Avropa və Asiya üzrə aparıcı ekspertidir.