DÜNYA
Pandemiya İspaniyada doğum sayının kəskin azalmasına gətirib çıxarıb
Madrid, 9 mart, AZƏRTAC
Pandemiya və məcburi özünütəcrid İspaniyada və Avropanın bir sıra başqa ölkələrində doğum sayının kəskin azalmasına gətirib çıxarıb.
AZƏRTAC “El Pais” qəzetinə istinadla xəbər verir ki, 2020-ci ilin dekabrında və 2021-ci ilin yanvarında İspaniyada doğum sayının səviyyəsi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 22,6 faiz aşağı düşüb.
İspaniya Milli Tədqiqatlar Şurası İnstitutunun direktoru Diyeqo Ramironun sözlərinə görə, təkcə iki ay ərzində məlumatlar doğum sayının kəskin aşağı düşəcəyindən açıqcasına xəbər verir.
Bənzər vəziyyət Avropanın digər ölkələrində də müşahidə olunur. Ötən ilin dekabrında İtaliyada yenidoğulanların sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə 21,6 faiz aşağı düşüb. Fransada yanvar ayında doğum sayı 13 faiz azalıb.
“El Pais” qəzeti yazır ki, hesabatın müəllifləri iş yerlərinin kəskin azalmasını və koronavirus infeksiyasından ölüm hallarının yüksək göstəricisini insanları ailə qurmaq barədə qərarı müvəqqəti olaraq kənara qoymağa məcbur edən əsas amillər arasında göstərirlər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid