DÜNYA
Pandemiya dövründə Almaniyada yol-nəqliyyat hadisələrində ölənlərin sayı azalıb
Berlin, 20 fevral, AZƏRTAC
Ötən il Avropa İttifaqı məkanında yol hərəkətinin təhlükəsizliyi barədə məlumatları təhlil edərək əminliklə demək olar ki, 2020-ci il bu mənada ən uğurlu il olub. Əlbəttə, ölüm hallarının yollardan daha çox COVID-19 xəstələrinin yerləşdirildiyi klinikaların reanimasiya şöbələrində baş verməsini “uğurlu” hesab etmək olarsa.
AZƏRTAC xəbər verir ki, Avropa Statistika Agentliyinin məlumatına görə, keçən il alman polisi yollarda baş vermiş bədbəxt hadisələrin sayının bir il əvvəlki ilə müqayisədə 15,6 faiz azalmasını qeydə alıb. Bu mənada koronavirus pandemiyası ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin statistikasına çox müsbət təsir göstərib.
Qəzaya düşmüş uşaqların sayı 16,2 faiz azalıb. Bəzi federal əyalətlərdə isə belə qəzalarla bağlı heç bir uşağın həlak olması qeydə alınmayıb.
Yük avtomobillərinin, motosiklet və piyadaların iştirakı ilə qəzaların sayı da azalıb, amma velosipedçilərin iştirakı ilə yol-nəqliyyat hadisələrinin sayı 3,6 faiz artıb. Bu da aydındır: ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətlər səbəbindən almanların çoxu velosipedlə hərəkət etməyə başlayıb. Halbuki bu adamların bir qismi əvvəllər velosiped sürməyib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin