SİYASƏT
Paris meriyasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımaqla bağlı absurd fikrə düşməsi terrora dəstək anlamına gəlir
Bakı, 17 noyabr, AZƏRTAC
Fransa ermənilərin çoxluq təşkil etdiyi ölkələrədən biridir. Hətta erməni lobbisinin Fransada dövlət strukturlarına və hakimiyyətin müxtəlif nümayəndələrinə belə təsir etmək imkanlarının olması bəlli bir məsələdir. Bütün beynəlxalq sənədlərdə təsdiq olunur ki, Qarabağ əzəli Azərbaycan ərazisidir və dünya dövlətləri də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Fransanın müəyyən rəsmi dairələrindən isə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə təhdid xarakteri daşıyan sərsəm fikirlərin səsləndirilməsi, sadəcə, təəssüf doğurur.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
Deputat deyib: “Aydın məsələdir ki, bu, Fransada yaşayan ermənilərin və ölkədə mövcud olan erməni lobbisinin əməlləridir. Paris meriyasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşması ilə bağlı merin fikirləri Azərbaycan-Fransa münasibətlərinə ciddi zərbə vurur. 44 günlük Vətən müharibəsi ərzində də biz Fransanın mövqeyini, daha doğrusu, işğalçı Ermənistanı müdafiə etmək maraqlarının olduğunu gördük. Baxmayaraq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və həmsədr olan ölkələrin tərəfkeşlik etmək cəhdləri onların mandatlarına ziddir. Bütün bu hallar Fransada olan erməni lobbisinin Fransa hökumətinə olan təsirindən irəli gəlir. Lakin bu kimi cəhdlər tamamilə mənasızdır, Azərbaycan üçün heç nə dəyişən deyil. Sadəcə, Fransa rəsmilərinin bu cür fikirlər səsləndirməsi, ilk növbədə, bu ölkənin öz nüfuzuna xələl gətirmiş olur. Çünki Qarabağda olan separatçı rejim bir terror təşkilatıdır və Ermənistanın 30 il öncə işğal etdiyi torpaqlarımızda qeyri-qanuni fəaliyyət göstərməyə çalışırdılar.
Erməni lobbisinə yaxınlığı ilə tanınan Paris meri Enn İdalqo anlamalıdır ki, həmin separatçı rejimi heç Ermənistanın özü tanıya bilməyib. Çünki bu, beynəlxalq hüquqa zidd bir məsələdir və əksi Ermənistan üçün çox ağır nəticələrlə başa gələ bilərdi. Enn İdalqo kimi Fransa rəsmlərinin bu cür absurd fikirdə olmaları dolayısı ilə bu adamların dünyada terrora dəstək verməkdə maraqlı olmalarını təzahür etdirir”.