DÜNYA
Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına hücum nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb VİDEO
Bakı, 7 yanvar, AZƏRTAC
Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına edilən hücum nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, 10 nəfər isə yaralanıb. Onlardan beşinin vəziyyəti ağırdır.
AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl şəhər prokurorluğu 10 nəfərin həlak olduğu barədə məlumatı təsdiqləmişdi. AFP agentliyinin məlumatına görə isə, həlak olanların arasında iki nəfər polis əməkdaşı da var.
Şahidlərin sözlərinə görə hadisə avtomat silah və qumbaraatanlarla silahlanmış qara maskalı iki şəxs tərəfindən törədilib.
Hazırda hadisənin baş verdiyi ərazi polis tərəfindən nəzarətə götürülüb. İl-de-Frans paytaxt regionunda isə fövqəladə vəziyyət elan olunub.
Hadisə yerinə gələn Fransa Prezidenti Fransua Olland redaksiyaya edilən basqınla əlaqədar hökumətin təcili iclasını çağırıb. Baş verənləri “Fransaya qarşı terror aktı” adlandıran dövlət başçısı “Fransa respublikasının prinsiplərinə hücum edənlərin” tapılaraq cəzalandırılacağına söz verib.
Parisdə baş vermiş hadisəni qınayan Böyük Britaniyanın Baş naziri Devid Kemeron ölkəsinin Fransanın terrora qarşı mübarizəsini və söz azadlığını müdafiə səylərini dəstəklədiyini bildirib.