İQTİSADİYYAT
Parisdə “Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində görüşlər davam edir
Bakı, 22 noyabr, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr etdiyi xüsusi müsabiqənin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi tərəfindən Parisdə “Qarabağ incilərinin Avropa sədası” layihəsinə start verilib.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, səfər zamanı Fransa Milli Assambleyasının deputatı Andre Vilye ilə “Qarabağ İncilərinin Avropa Sədası” adlı layihə müzakirə olunub.
AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş Azərbaycan torpaqlarında aparılan iri miqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verib.
Görüş zamanı dünyada, xüsusi ilə Fransada Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasında “Qarabağ İncilərinin Avropa Sədası” kimi layihələrin əhəmiyyəti vurğulanıb.
Fransalı deputat Andre Vilye çıxışında Azərbaycan və Fransa arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün hazır olduğunu və milli-mənəvi dəyərlərə xidmət edən bu cür layihələrin hər zaman dəstəklənməsinin tərəfdarı olduğunu bildirib.