CƏMİYYƏT
Parlament Jurnalistlər Birliyi Bakı Nəqliyyat Agentliyinə mediatur təşkil edib
Bakı, 3 dekabr, AZƏRTAC
Parlament Jurnalistlər Birliyi (PJB) Bakı Nəqliyyat Agentliyinə (BNA) media tur təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “BakuBus” MMC-nin fəaliyyəti ilə yaxından tanış olublar.
BNA İdarə Heyətinin sədri Vüsal Kərimli “BakuBus” MMC-nin fəaliyyəti barədə brifinqdə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, hazırda Bakıda 41 daşıyıcı şirkət var. Gün ərzində Bakıda avtobuslarla 2,7 milyon sərnişin daşınır. Bunun da təqribən 17 faizi “BakuBus” MMC-nin payına düşür.
BNA sədri qeyd edib ki, avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni Tələblər hazırlanıb. Həmin Tələblər artıq hökumətə təqdim olunub. Bu istiqamətdə əsas məsələlərdən biri 2022-ci ildən etibarən paytaxtda ictimai nəqliyyat vasitələrinin sıxılmış qaz və elektriklə işləyən avtomobillərlə əvəz edilməsidir.
Gələn ildən etibarən hər ay Bakıya yeni avtobusların gətiriləcəyini deyən V.Kərimli diqqətə çatdırıb ki, onlardan 280-i 12 metrlik, 20-si isə 18 metrlik avtobuslardır. On səkkiz metrlik avtobuslardan paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq.
Daha sonra “BakuBus” MMC-nin İstehsalat bazası və Sürücü Təlim Mərkəzi barədə məlumat verilib.
Səfər çərçivəsində Milli Məclisin deputatlarına, mətbuat nümayəndələrinə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə də tanış olmaq imkanı yaradılıb.
Vüsal Kərimli qeyd edib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.