İQTİSADİYYAT


Partizan (Guerilla) marketinq nədir?

Bakı, 6 iyul, AZƏRTAC

“Az söz – daha çox kreativlik” - bu ifadə Guerilla (Partizan) marketinqi tam olaraq izah edir.

AZƏRTAC bununla bağlı İnnovasiyalar Agentliyinin tövsiyələrini təqdim edir.

Partizan marketinqin vəzifəsi istehlakçıya maksimum yaxınlaşıb gözləmədiyi anda düz beyninə “atəş açmaqdır”. Ən əsası az büdcəli startapların da üz tuta biləcəyi alternativ və qeyri-ənənəvi marketinq üsuludur.

Bu termin Cay Konrad Levinsonun 1984-cü ildə yazdığı “Guerrilla Marketing” kitabı ilə populyarlaşdı. Partizan marketinqi müştərilərlə birbaşa əlaqə yaratmaq üçün bir çox üsuldan istifadə edir və əsas hədəfi məhsulun bazara çıxarılması ilə əlaqədar əvvəlcədən səs-küy yaratmaq, istehlakçı fəallığını artırmaqdır. Gözlənilməzlik onun əsas silahıdır və bununla o, potensial müştərilərdə emosional reaksiya yaradaraq yaddaşlarda qalır.

Guerilla marketinqin üstünlükləri aşağıdakılardır.

Az vəsait tələb edir

Partizan Marketinqin əsas aləti pul deyil, sizin yaradıcılığınız və kreativliyinizdir. O, güclü marketinq strategiyası və plan tələb etmir, sadəcə maraqlı ideya kifayətdir. Sürətli nəticə-startaplar üçün dəyərli şeylərdən biri də zamandır. Çox zaman xərcləmədən, dərhal və ya qısa müddətdə nəticə alına bildiyi üçün partizan marketinq startaplara uyğun bir üsuldur.

Öz effektivliyinə fokuslanmaq

Daha güclü rəqiblərlə birbaşa marketinq rəqabətindən qaçmaq. Güclü rəqiblər daha az effektiv reklama böyük məbləğ xərclədiyi halda siz kiçik məbləğlə lazımı nəticəni əldə edə bilərsiniz. Partizan marketinqin başqa bir üstünlüyü isə sizin yaradıcılığınız və sonsuz ideyalarınızdan yarandığı üçün limitlərinin olmamasıdır.

Partizan marketinqin ən məşhur qəhrəmanları ödənişli “partizan reklamçılar”dır. Onlar hər yerdədirlər - marketlərdə, kosmetika, geyim və digər dükanlarda. Bariz nümunə isə budur ki, əgər bir müştəri dayanmadan mağazanın və ya markanın məhsullarını tərifləyirsə və yaxud daimi müştərisi olduğunu vurğulayırsa onun partizan marketinqin nümayəndəsi olduğundan şübhələnmək olar. Partizan marketinqin hədəfi təkcə alıcılar deyil, marketlər və mağazalar da ola bilər. Məsələn, partizan marketinqin ən məşhur nümunələrindən biri budur ki, “partizan reklamçılar” marketlərə daxil olaraq əslində satmaq istədikləri məhsulun bazarlığını etmək istədiklərini deyirlər. Məhsulun marketdə satılmadığını “aşkarlayanda” isə narazılıq edərək satılmasını tələb edirlər. Beləliklə, marketlər həmin məhsula tələbatın çox olduğunu düşünərək məhsulu rəflərində yerləşdirməyə cəhd göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.