SİYASƏT
“Partizan Luçano” filminin premyerası olmuşdur
Bakı, 1 avqust (AZƏRTAC). İctimai telekanalda “Partizan Luçano” sənədli publisistik filmin premyerası olmuşdur. Telekanaldan AZƏRTAC-a verilən məlumata görə, bu, Hitler faşizmi üzərində Qələbəyə həsr edilmiş silsilədən ikinci telefilmdir. Fransanın Milli Qəhrəmanı, Fəxri Legion ordenli Əhmədiyyə Cəbrayılova həsr edilmiş “Xarqo” adlı birinci telefilmin təqdimatı keçən il olmuşdur.
Yeni filmin quruluşçu rejissoru Taleh İsmayıldır. Ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov indiyə qədər 7 sənədli film çəkmişdir. Həmin filmlərdən ikisi – “Xarqo” və “Tarixi qələbə günü” filmləri 1941-1945-ci illər müharibəsinə həsr edilmişdir. İtaliya Müqavimət Hərəkatının qəhrəmanına həsr edilmiş 30 dəqiqəlik yeni filmin operatoru Fərmayıl İsmayılovdur.
Filmdə kino və foto sənədlərin dili ilə həmvətənimiz, Oryol Hərbi məktəbinin məzunu, sonralar haribaldiçilərin dəstəsində “Luçano” ləqəbi ilə tanınmış Məmməd Ağaş oğlu Xəlilovun həyatından və antifaşist fəaliyyətindən bəhs edilir.
Ukrayna cəbhəsində xidmət edən Məmməd Xəlilov ağır yaralanaraq almanlara əsir düşür və hərbi əsirlər eşelonunun tərkibində əvvəlcə Almaniyaya, sonra İtaliyaya göndərilir.
Pyaçentsa şəhəri yaxınlığında yaranmış fürsətdən istifadə edən M.Xəlilov əsirlikdən qaçır və Birinci Partizan Diviziyasında M.Buskontinin komandir olduğu İkinci Briqadaya qoşulur. M.Xəlilov bu diviziyanın döyüşçüləri ilə birlikdə Hitler işğalçılarına qarşı bir sıra aksiyalarda fəal iştirak etmiş, buna görə, Müttəfiqlərin Mərkəzi Aralıq dənizi bölgəsindəki qoşunlarının komandanı marşal Aleksander tərəfindən imzalanmış 123811 nömrəli “Vətənpərvər sertifikatı” ilə təltif edilmişdir.
Filmdə İtaliya Müqavimət Hərəkatının iştirakçısı, “Vətənpərvər sertifikatı”na layiq görülmüş 92 yaşlı Xançoban Cəfərov, M.Xəlilova həsr edilmiş “Talelər qovuşan yerdə” kitabının müəllifi Ruhulla Zahidov, 2009-cu ildə Florensiyada nəşr edilmiş “Azərbaycan partizanları İtaliyada” kitabının (tərcüməçi professor Renato Rizaliti) müəllifi, politoloq-publisist Ruqiyə Əliyeva, Bakıdakı Ukrayna İcmasının sədri Aleksandr Zareçnıy, İtaliyanın ölkəmizdəki səfirliyinin konsulu Martino Marko Çito, Məmməd Xəlilovun oğlanları və başqaları çıxış edir.
“Partizan Luçano” filmi Bakıda və qəhrəmanın vətənində - Sabirabad rayonunun Cavad kəndində çəkilmişdir.
######